Milli Məclisdə İspaniya nümayəndə heyəti ilə görüş keçirilib
    • 13-06-2019, 18:15
    • 767

Milli Məclisdə İspaniya nümayəndə heyəti ilə görüş keçirilib

İyunun 13-də Milli Məclisin İspaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri bu ölkənin xarici işlər nazirinin müavini Fernando Martin Valensuela Marsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. 


Milli Məclisin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, işçi qrupunun üzvü Azər Kərimli qonaqları parlamentdə salamlamaqdan məmnunluğunu ifadə etdi. Bildirildi ki, Milli Məclisin İspaniya ilə dostluq qrupunun 16 nəfər üzvü var. 


Deputatlarımız müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən AŞPA, Şərq Tərəfdaşlığı proqramı, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində fəal iştirak edirlər.  Qeyd edildi ki, ölkəmiz həyatın bütün sahələrində sürətlə inkişaf edir. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin siyasi, iqtisadi, hüquqi, humanitar sahələrdə həyata keçirdiyi islahatlar bu gün də müvəffəqiyyətlə davam etdirilir. 


Diqqətə çatdırıldı ki, son 15 ildə iqtisadiyyatımızda 3 dəfədən çox artım müşahidə olunub. Cari ilin əvvəlindən indiyədək bütün istiqamətlərdə dinamik inkişaf gedir. Bu gün Azərbaycan dünyanın nəqliyyat mərkəzlərindən birinə çevrilib. Ölkəmiz yolların keyfiyyət göstəricilərinə görə dünya üzrə 34-cü yerdə qərarlaşıb. İnfrastrukturun inkişafına uğurlu biznes mühiti böyük dəstək verir. Azərbaycan Avropa Birliyinə üzv ölkələrlə səmərəli əməkdaşlıq edir. Biz ikitərəfli əlaqələrə üstünlük veririk. Bir çox dövlətlərlə, o cümlədən İspaniya ilə ikitərəfli strateji əməkdaşlıq haqqında saziş imzalanıb. Ölkəmizin təşəbbüsü və iştirakı ilə bir çox enerji layihələri reallaşıb.


Ötən il TANAP boru kəməri artıq işə salınıb, TAP layihəsi üzrə işlər uğurla davam etdirilir. Təqdirəlayiq haldir ki, İspaniyanın “Enagas” şirkəti bu layihənin fəal iştirakçılarından biridir. Həyata keçirilən Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri də önəmli yer tutur. Bu layihələr ölkəmizin iqtisadi potensialının daha da artırılmasına xidmət edir.


Ölkələrimiz arasında iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlıqdan bəhs edən deputatımız məmnunluqla qeyd etdi ki, hazırda onlarla İspaniya şirkəti Azərbaycanda fəaliyyət göstərir. Ticarət dövriyyəsinin daha da artırılması üçün geniş potensial imkanlar mövcuddur.


Söhbət zamanı Azər Kərimli bildirdi ki, Azərbaycanın ən ağrılı problemi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir. Ermənistanın 25 ildən çox davam edən təcavüzkar siyasəti nəticəsində torpaqlarımızn 20 faizi işğal altındadır, 1 milyondan çox insan qaçqın və məcburi köçkün həyatı yaşayır. Bu məsələdə Azərbaycanın mövqeyi ondan ibarətdir ki, problem beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır. Deputatımız münaqişənin həlli ilə bağlı İspaniyanın ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı baxımından ölkəmizə verdiyi dəstəyə görə təşəkkürünü bildirib.


İspaniyanın xarici işlər nazirinin müavini Fernando Martin Valensuela Marso səmimi görüşə görə minnətdarlığını bildirdi. Parlamentlərarası münasibətlərin vacib olduğunu deyərək, ölkəsində yaxın vaxtlarda parlamentin formalaşacağını söylədi. Hər iki ölkənin qanunverici orqanları arasında möhkəm əlaqələrin qurulacağına əminliyini ifadə edib. 


Qonaq siyasi baxımdan əlaqələrin uğurla inkişaf etdiyini qeyd edərək, iqtisadi sahədə də dinamik əməkdaşlığın əhəmiyyəti barədə danışdı. Qlobal böhrana baxmayaraq, Azərbaycanda iqtisadi dirçəlişin olduğunu təqdir etdi. Bu istiqamətdə ümumi daxili məhsulun istehsalının artmasının önəmli olduğunu dedi. O, İspaniya ilə Azərbaycan arasında idxal-ixrac, sərmayə qoyuluşu və iqtisadiyyatın digər sahələrində qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanlar olduğunu bildirib.


Fernando Martin Valensuela Marso Dağlıq Ermənistan-Azərbaycan  Qarabağ münaqişəsi ilə əlaqədar öz fikirlərini açıqladı. O, bu məsələdə   İspaniyanın mövqeyinin dəyişməz olduğunu, dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə hörmətlə yanaşdıqlarını dedi, problemin tezliklə öz ədalətli həllini tapacağına ümidini ifadə edib. 


Görüşdə deputatlar Ülviyyə Ağayeva, Çingiz Qənizadə, İspaniyanın Türkiyə və Azərbaycanda akkreditə olunmuş səfiri Juan Gonzalez Barba və digər rəsmi şəxslər iştirak edirdilər.