Azərbaycanda bəzi qadınlar özlərini əcaib hala salırlar -
    • 18-09-2024, 15:50
    • 390

Azərbaycanda bəzi qadınlar özlərini əcaib hala salırlar - "Onlara psixoloji dəstək lazımdır"

Son vaxtlar plastik cərrahi əməliyyatlara olan maraq kəskin artıb. Gündəlik həyatda, sosial şəbəkələrdə bu əməliyyatlarla dəyişən, standart burun və cizgilərini itirən simaları tez-tez görürük. İnsanların daha gözəl, qüsursuz görünmək istəkləri onları plastik əməliyyatlara sövq edir. Vəziyyət elə yerə çatıb ki, xarici görünüşündə ciddi bir qüsuru olmayan şəxslər belə bu yollarla dəyişiklik etmək istəyirlər. Hətta bu təhlükəli aslılığa çevrilir. Plastik əməliyyatların yaratdığı qorxuducu fəsadlar gözardı edilir.

Bəs estetik əməliyyatlara olan maraq nə ilə əlaqədardır?

Mövzu ilə bağlı Sfera.az-a danışan estetik cərrah Elçin Abdullayev bildirib ki, çəkik gözlər, dik burun, dolğun dodaqlar və qumsaatı bədənlər trendə çevrilib.

“Belə qadın obrazları ilə tez-tez rastlaşırıq. Bu cür görünüşə sahib olmayan xanımlar isə kompleks yaşayırlar. Amma indi ehtiyacı olmayan, amma imkanlı şəxslər də bu əməliyyatlara üz tuturlar. Son 10 ildə dünyada estetik əməliyyat etdirənlərin sayı ikiqat artıb. Ölkəmizdə də eyni tendensiya müşahidə olunur. Daha çox burun əməliyyatlarına müraciət olunur. İkinci yerdə isə yaşlanmaya qarşı olan prosedurlar dayanır. Bədən şəkilləndirmə və piy əritmə də əsas əməliyyatlar sırasındadır. Bizə müraciət edənlərin çoxunun əlində tanınmış bir şəxsin fotosu olur. Biz onlara izah edirik ki, özünüzü kiməsə oxşatmağa ehtiyac yoxdur. Çünki artıq edilən eyni prosedurlar hamını eyniləşdirib”.

Psixoloq Ləman Məmmədova qeyd edib ki, bu komplekslərin əsas səbəbi insanların özgüvən əksikliyidir.

“Belə şəxslər istədikləri bütün prosedurlarını etsələr də, onlarda məmnunluq hissi yaranmayacaq. Onlar daim görünüşlərində bir qüsur axtarıb tapacaqlar. Bir və ya bir neçə dəfə əməliyyat olunmalarına baxmayaraq razı qalmırlar. Bu halda onlara psixoloji dəstək göstərilməlidir. Bəzi hallarda isə estetik əməliyyat insanda vərdişə çevrilir. Burun estetiki ilə başlayan əməliyyatlar ard-arda sıralanır. Bəzi estetik əməliyyatlar var ki, onlar insanı gözəlləşdirmək yerinə daha eybəcər hala salır. Buna səbəb cərrahların pul xatirənə hər estetik əməlliyatı etməsidir”.