-
- 20-09-2024, 22:09
- 478
Miqrantlar kütləvi şəkildə Rusiyanı tərk edirlər
“2024-cü il sentyabrın 1-nə Rusiya miqrasiya orqanlarında təxminən 6,2 milyon əcnəbi qeydiyyatdadır. Bu rəqəm ölkə əhalisinin 4,2 %-nə bərabərdir”.
News24.az "Cebheinfo.az"-a istinadla xəbər verir ki, bu məlumatı Rusiya Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi açıqlayıb.
Bildirilib ki, bu il sentyabrın 1-nə Rusiyada miqrasiya qeydiyyatı üzrə dövlət informasiya sistemində olan əcnəbi vətəndaşların sayı 6 milyon 174 min 777 nəfər təşkil edib.
2023-cü ildə isə Rusiyada miqrasiya üçün 8,5 milyondan çox insan qeydiyyatdan keçib. Beləliklə, 2,5 milyona yaxın miqrant ölkəni tərk edib və yaxın zamanda bu rəqəmin xeyli artacağı gözlənilir.
Rusiya xüsusilə işçi qüvvəsi boşluğunu doldurmaq üçün immiqrasiya siyasətlərini yenidən nəzərdən keçirir. Prezident Vladimir Putin ölkədə təlim keçmiş və savadlı işçi qüvvəsinə ehtiyac olduğunu vurğulasa da, dil və mədəni biliyə malik ixtisaslı mühacirlərə üstünlük veriləcəyini bəyan edib.
Son illərdə Rusiyada immiqrasiya və miqrant əməyindən asılılıqla bağlı görülən tədbirlər iqtisadi artım hədəflərinə uyğun olaraq yenidən qiymətləndirilir.
Yeni və sərt immiqrasiya siyasətləri də təhlükəsizlik problemləri ilə gündəmdədir. Xüsusilə 2024-cü ilin yazında “Crocus City Hall” terror aktından sonra xarici ölkə vətəndaşlarının törətdiyi cinayətlər və bu cinayətlərin yaratdığı sosial gərginlik hökumətin immiqrasiya siyasətini sərtləşdirməsinə səbəb olub.