"Qocalara yazıqları gəlsin, barı" - Bakıxanovda NARAZILIQ
    • 17-06-2019, 12:29
    • 1 369

"Qocalara yazıqları gəlsin, barı" - Bakıxanovda NARAZILIQ

Bakıxanov Dəmiryolu Stansiyasından istifadə edən sərnişinlər buradakı xidmətdən narazıdır. 

Onlar  News24.az-ın əməkdaşı ilə söhbətində stansiyadakı liftin işləməməsinin ciddi problemlər yaratdığını deyib.

65 yaşlı Hüsniyyə Əliyeva bildirib ki, səhhəti ilə bağlı pilləkənlərdən istifadə edə bilmir: “Yaşlı, xəstə adamam. Qatara çatmaq üçün pilləkənləri çıxmalıyam. Amma səhhətim imkan vermir. Stansiya bir aydır açılıb, amma lift hələ də işləmir. Başa düşmürəm, lifti bura göz oxşamaq üçün qoyublar? Qocalara yazıqları gəlsin, barı”.

Digər Bakı sakini 58 yaşlı II qrup əlil Arzu İslamova da liftin işləməməsindən narazıdır: “Bu problemlə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinə də müraciət eləmişəm. Stansiya açılanda çox sevinirdim, fikirləşirdim ki, rahatlığa çıxmışam. Xüsusilə də, bizim kimi yaşlı, xəstə adamlar üçün asan olacaq. Amma liftin işləməməsi sevincimizi qursağımızda qoydu”. 

50 yaşlı Aynur Ağakişiyeva da stansiyada əlillər üçün şərait olmamasından şikayətlənir: “Qızım əlil arabasındadır, stansiyaya onunla gələ bilmirəm. Çünki əlillər burada ancaq lifttlə yuxarı qalxa bilərlər. Di gəl, lift işləmir deyə, onların bir platformadan digərinə keçmək imkanı yoxdur”.

Məsələyə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən münasibət öyrəndik. Bildirildi ki, stansiya yeni açıldığından burda bəzi çatışmazlıqlar ola bilər. Lift yaxın günlərdə istifadəyə veriləcək.

Afaq Mirayiq