ATV prezidentindən İlkin Xəlilovla bağlı - AÇIQLAMA
    • 17-06-2019, 15:01
    • 906

ATV prezidentindən İlkin Xəlilovla bağlı - AÇIQLAMA

ATV kanalının əməkdaşı İlkin Xəlilovun tənqidi süjetindən sonra təzyiqlərə məruz qalması ilə bağlı televiziyadan açıqlama verilib.

News24.az xəbər verir ki, kanaldan “Qafqazinfo”ya daxil olan açıqlamada deyilir:

Son günlər sosial şəbəkələrdə ATV telekanalının əməkdaşı İlkin Xəlilova tənqidi süjetinə görə guya təzyiqlərin göstərilməsi və işdən xaric edilməsi haqqında şayiələr yayılır. Bildirik ki, bu xəbərlərin heç bir əsası yoxdur və müəyyən qrupların özəl maraqlarına xidmət edən "qara piar"dan başqa bir şey deyil. Öz fəaliyyətində dövlətin və cəmiyyətin maraqlarını, jutnalistikanın təməl prinsiplərini rəhbər tutan ATV kanalı həmişə cəmiyyətimizdə mövcud olan plüralizmə, fərqli baxışa hörmətlə yanaşıb və öz işində daim bu prinsiplərə riayət edib. ATV telekanalı yayım siyasətinin qurulmasında və yaradıcılıq fəaliyyətində tam sərbəst və müstəqildir. Geniş tamaşaçı auditoriyasının rəğbətini qazanan və ən baxımlı telekanal kimi qəbul edilən ATV-nin televiziya və radio efirində mühüm ictimai-siyasi xəbər və təhlil proqramları, maarifləndirici və əyləncəli verilişlərlə yanaşı satira və tənqidi materiallar da yer alır.

Xatırladaq ki, sosial şəbəkələrdə ATV telekanalının jurnalisti İlkin Xəlilova gənclərdən ibarət milli komandanın (U-21) Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Lixtenşteynə məğlubiyyətindən (0:1) sonra hazırladığı reportaja görə təzyiq göstərilməsi ilə bağlı məlumat yayılıb. Telejurnalist öz reportajında Lixtenşteynin gənclər yığmasına tarixində ilk qələbəni hədiyyə edən milli komandanı tənqid edib. Bundan sonra telekanal rəhbərliyi ona təzyiq və işindən uzaqlaşdırıldığı deyilir.  (Baku.ws)