"Həşəratlar üçün vurulan dərman insan orqanizminə ziyanlıdır" - DİQQƏT!
    • 17-06-2019, 15:55
    • 1 105

"Həşəratlar üçün vurulan dərman insan orqanizminə ziyanlıdır" - DİQQƏT!

"Ziyanvericilərə qarşı mübarizə aparmaq üçün vurulan dərman insanlar üçün zərərli hesab olunur. Azərbaycanda təəssüflər olsun ki, pestisidləri ölçən xüsusi cihaz yoxdur". 

Bunu News24.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib. Onun sözlərinə görə, ziyanvericilərə qarşı vurulan xlorpyrifos kənd təsərrüfatı məhsullarının tərkibinə də təsir edir:

"Biz qida məhsullarında nitritlərin miqdarını yoxlayırıq. Amma təəssüf ki, pestisidləri ölçən xüsusi cihaz Azərbaycanda yoxdur. Pestisidlərin müəyyən norması olmalıdır, açığı  onun normasının nə qədər olmasını bilmirəm. Ümumiyyətlə, məhsulun tarladan tutmuş istifadəçinin masasına qədər olan dövrü diqqətlə yoxlanmalıdır. Pestisidlər ziyanvericilərə qarşı, alaq otlarına qarşı, həşəratlara qarşı istifadə olunur. Məsələn, Qubada 6 dəfə almaları qorumaq üçün istifadə ediblər. Lakin bunların təsiri yoxdur və bu da əhalinin böyük narazılığına səbəb olub. Şübhəsiz ki, həmin bu pestisidlərin qalıqları meyvələrin tərkibində olur. Azərbaycanda demək olar ki, mümkün olan bütün pestisidlərdən istifadə olunur. Bunlara ciddi nəzarət olmalıdır, maarifləndirmə işləri aparılmalıdır. Hazırda AİB Prezident Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi çərçivəsində Hacıqbulda, Saatlıda, Sabirabadda bu sahədə treninqlər aparır. Növbəti treninqimiz ayın 20-də Sabirabadda olacaq".

Qeyd edək ki, türkiyəli millət vəkili Gülizar Bıçer Karaca da açıqlamasında bildirib ki, 2016-ci ilin yanvar ayında Avropa Birliyi (AB) tərəfindən kənd təsərrüfatı istehsalında xlorpirifosların istifadə edilməsinin qadağan edilib. Millət vəkili deyib ki, Türkiyədə istifadə edilən bu dərmanlar uşaq sağlamlığı üçün çox zərərlidir. O, əlavə edib ki, pestisidlər kənd təsərrüfatı istehsalında istifadə olunan zəhərli maddələrdir. Xlorpyrifos isə kənd təsərrüfatı məhsullarının istehsalı üçün həşəratların öldürülməsində istifadə olunan üzvi fosfat adlı kimyəvi qrupun tərkibində olan bir zəhərdir.

Afaq Mirayiq