Broyler toyuqları - Yeyək ya yeməyək?
    • 9-07-2018, 13:43
    • 3 196

Broyler toyuqları - Yeyək ya yeməyək?

Broyler toyuqlar ucuz olduğuna görə həvəslə alınsa da insanlarda onların zərərli olub-olmaması barədə şübhələr hər zaman qalır. Türkiyəli həkim Canan Karatayın açıqlamasına görə, bir toyuq budunun şişirdilməsi üçün vurulan hormon insanın bir ildə almalı olduğu hormona bərabərdir. Bunu bir dəfəyə qəbul ediriksə təbii ki, piylənmə, artıq çəki və müxtəlif xəstəliklərə qapı açmış oluruq. Canan Karatay broyler toyuqların uşaqlara verilməsinin əleyhinədir. Onun fikrincə, antibiotiklə kökəldilən bu toyuqlar uşaqların əsasən sümük-əzələ sisteminin inkişafına pis təsir edir, böyrək xərçənginin yaranmasına səbəb olur.
Broylerdə istifadə olunan yemin tərkibi geni dəyişdirilmiş orqanizmlərdən ibarətdir. Broyler  toyuqları 45 gün ərzində yetişdirilir və artıq 46 gün kəsilməyən toyuqlar öz-özlüyündə ölür.

Bütün dünyada, eləcə də qabaqcıl Avropa ölkələrində broyler təssərrüfatında istifadə edilən yemlərin tərkibinə çoxlu sayda dərman vurulur. Hətta bu dərman sayının 59 olduğu bildirilir. Dərmanların çoxu antibiotik təsirlidir, bu isə toyuqların müqavimətinin güclənməsini və tez zamanda çəkisinin artmasını təmin edir. Halbuki 2002-ci ildə BMT-nin qəbul etdiyi Karfagen Biogüvənlik Protokolu dərmanlardan kütləvi şəkildə istifadəni qadağan edir. Standartlara görə, ətlik toyuqlar kəsimə gedəcəksə, 7 gün əvvəl antibiotik və dərmanlı qidaların verilməsi dayandırılmalıdır.

Kənd Təsərrüfatı Nazirliyi  Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun baş laboratoriyasından News24.az-a bildirilib ki, Broyler toyuqlarının xüsusi iynə vasitəsilə şişirdilməsi haqqında yayılan informasiyalar həqiqəti əks etdirmir. "Sertifikatlaşdırılmış sənaye müəssisələrində bu kimi hallar qeyri mümkündür.

 Kənd Təsərrüfatı Nazirliyi Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru, dosent Mahir Hacıyevin sözünə görə,  broyler toyuqlarının zərərli olması barəsində deyilənlər ayrı-ayrı iş adamlarına qarşı ədavətdən irəli gəlir, kimlərsə bazara daxil ola bilmir və məqsədli şəkildə bu cür məlumatları, videoları ictimailəşdirirlər. "Qeyd edim ki, xüsusi iynə ilə quşların şişirdilməsi əl əməyinə əsaslanır. Amma iri müəssiələrdə quşların qablaşdırılmasınadək bütün prosesləri aparatlar icra edir”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov News24.az-a verdiyi açıqlamada bu toyuqların qida əhəmiyyətinin az olduğunu və insan  sağalmlığı üçün təhlükəli olduğunu qeyd edib. Onun sözlərinə görə, toyuq hələ mağazada  satışa çıxarkən təhlükə saçmağa başlayır. Belə ki, onların  qablaşdırılması zamanı istifadə olunan strec örtüklər Çindən  gətirilir və ucuz olduğu üçün zərərli  maddədən istifadə olunur. Bir başa toyuğun ətinə təmas edən bu örtüklər zəhərlənməyə də səbəb ola bilər.
Bax belə.Yeyib yeməmək qalır sizin öz öhdənizə.

İlhamə