Deputatlar mürgülədi, ara qarışdı: Həlli yolu isə budur…
    • Bu gün, 12:57
    • 134

Deputatlar mürgülədi, ara qarışdı: Həlli yolu isə budur…

Sentyabrın 23-də Milli Məclisin (MM) ilk iclasında bəzi deputatların mürgüləməsi ilə bağlı sosial şəbəkələrdə video yayılıb. Bu görüntülər ajiotaj və müzakirələrə səbəb olub. Burada iki fikir var: birincilər aqressiv şəkildə deyir ki, belə deputatların fəaliyyəti müsbət nəticə verməyəcək. İkincilər isə bunu insanlıq halı kimi təqdim edib, böyütməməyi təklif edirlər.

Ən demokratik ölkələrin parlamentlərində də belə hallara rast gəlindiyi deyilir. Hətta prezidentlər, baş nazirlərin də bəzən iclaslarda mürgü vurduqları qeyd olunur.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin komitə sədri Fazil Mustafa deyib ki, ağıllı bir fikir, söz yazanda, hansısa faydalı kitabla bağlı məlumat paylaşanda heç 10 nəfər rəy yazmır, amma belə bir sadə, texniki məsələ olanda 10 min adam rəy yazmaq üçün sıraya düzülür.

Deputatın fikrincə, bu, əslində cəmiyyətdə axmaqlarla ağıllıların nisbətidir:

“Məsələn, axmaq adam üçün nə qədər kitab versən, maraqlı olmayacaq. Belə bir material verəndə isə sevinir və sanki bundan rahatlıq tapır. Bunu da bəzi şəxslər siyasi məqsədlə parlamentə, dövlət orqanlarına müəyyən dərəcədə bir aqressivlik nümayiş etdirmə fürsətinə çevirirlər. Bu, müəyyən insanların dövlət işçiləri haqqında mənfi rəy yaratmaq üçün ortaya atdığı məhsuldur”.

F.Mustafa deyib ki, istənilən kiçik bir hadisəni bu cür şişirtmək olar:

“Bilirsiniz, burada kimsə rüşvətə görə, korrupsiyaya görə yaxalanmayıb, hansısa bir qeyri-əxlaqi davranışa yol verməyib ki, belə ajiotajla müzakirə edəsən. Nə baş verib ki? Heç nə, kimsə kipriyini bir az gec qaldırıb, vəssalam… İnsandır və olar bilər ki, yorğun olub. Məsələn, həmin günü mən ümumiyyətlə, 2 saat yuxu yatmışdım. Çünki kitabla bağlı rəy hazırlamalı idim və bütün günü o yazı ilə məşğul olmuşam, sonra da iclasa gəlmişəm”.

Fazil Mustafanın fikrincə, ağıllı insanlar buna heç vaxt bu cür reaksiya verməz:

“Reaksiya verən bilirsiniz kimlərdir? Bayağı, bekar, dar düşüncəli kimsələr. Bunların da əyləncəsi budur. Belələri bu cür hadisələr ətrafında xoşbəxtlik tapıb həzz alırlar. Axmaqları da həzzdən məhrum etməmək üçün bu materialların olmasının elə bir təhlükəsi yoxdur. Onlar da ara-sıra həzz almaq haqqına sahibdirlər”.

Psixoloq Nizami Orucov deyib ki, mürgüləmək və əsnəmə halının bir çox səbəbi ola bilər:

“Bu səbəblərə fizioloji və psixoloji səbəblər aiddir. Öncə qeyd edək ki, əsnəmək yoluxucu prosesdir. İclasda, görüşdə bir insan hər hansı səbəbdən əsnəməyə başlasa, bir səbəbi olmadan qarşı tərəf(lər) də əsnəməyə başlaya bilər. İndi isə keçək səbəblərə :

– Yuxusuzluq və ya yuxu problemi;

– Yorğunluq;

– Sıxılmaq və darıxmaq;

– Havasız şəraitdə olmaq ( oksigen ehtiyacı );

– Mövcud mühitin marağı cəlb etməməsi və maraqsız olması. Bu səbəblər hələ bir hissəsidir”.

Psixoloqun sözlərinə görə, düzgün olmayan yuxu rejimindən tutmuş, psixoloji olaraq sıxılma hallarına qədər müxtəlif səbəblərdən qaynaqlı əsnəmə ola bilər:

“Gərgin iş günü, davamlı düşüncəli və stress halında olmaq belə əsnəməyə, mürgüləməyə səbəbdir. Yəni bu, bədənimizin müəyyən şeylərdən qaynaqlanan reaksiyasıdır. Qeyri – iradi prosesdir. Səbəbinə görə normal və ya qeyri-normal olaraq müəyyənləşdirmək və həllini tapmaq olar”.