ADU THİK-in idarə heyəti Şəhidlər xiyabanında: Anım Günü qeyd olundu
    • 27-09-2024, 17:06
    • 249

ADU THİK-in idarə heyəti Şəhidlər xiyabanında: Anım Günü qeyd olundu

Azərbaycan Dillər Universitetinin THİK-nin idarə heyəti və fəal tələbələri II Fəxri Xiyabanı və Qənimətlər Parkını ziyarət ediblər.

News24.az xəbər verir ki, Azərbaycan Dillər Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) idarə heyətinin sədri Zəhra Hüseynovanın başçılığı və universitetin Hörmətli Rektoru, Akademik Kamal Abdullanın göstərişi ilə bir qrup fəal tələbə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini yad etmək məqsədilə 27 sentyabr - Anım Günü münasibətilə II Fəxri Xiyabanı ziyarət ediblər. 

Ziyarət zamanı şəhidlərin məzarlarına gül dəstələri düzülüb, onların fədakarlıqları bir daha dərin ehtiramla anılıb. Tələbələr Azərbaycan torpaqlarının azadlığı uğrunda canlarını qurban verən qəhrəmanları böyük minnətdarlıq hissi ilə yad ediblər.

Bu ziyarət zamanı ADU THİK-in sədri Zəhra Hüseynova da tədbirdə iştirak edib və şəhidlərin xatirəsinin hər zaman uca tutulmasının vacibliyini vurğulayıb. O, tələbələrə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizənin gələcək nəsillərə ötürülməsi zəruriliyindən danışıb.

Daha sonra tələbələr və THİK heyəti Qənimətlər Parkını ziyarət ediblər. Bu park, Vətən müharibəsində qazanılan zəfərin simvolu kimi gənclərdə dərin təəssürat yaradıb. Tələbələr burada sərgilənən hərbi texnikalar və döyüş qənimətləri ilə tanış olaraq Azərbaycanın qəhrəmanlıq dolu tarixini bir daha qürurla xatırlayıblar.

Bu tədbir 27 sentyabr - Anım Günü münasibətilə gənclər arasında vətənpərvərlik ruhunun gücləndirilməsi və şəhidlərimizin xatirəsinin daim yaşadılması məqsədilə təşkil olunmuşdur. ADU THİK-in təşkil etdiyi bu ziyarət gənc nəsillərin milli dəyərlərə bağlılığını və ölkəmizin tarixi qələbəsinin unudulmaması üçün görülən mühüm addımlardan biri kimi qiymətləndirilib.