Oyunu saxlayın, stadionu xarab eləməyin... - Aqil Abbas
    • 29-09-2024, 15:29
    • 517

Oyunu saxlayın, stadionu xarab eləməyin... - Aqil Abbas


Laçında iki dəfə olmuşam  və bu səfərlərim haqqında deyəsən, on silsilə məqalə yazmışam. Laçında  80-ci illərdə də olmuşam və camaatı yaxşı tanıyıram, dostlarım da var, bir cənnət yerdir.  Adamları da zəhmətkeş, qeyrətli və qonaqpərvərdirlər.

Son günlər Laçın yenə gündəmə gəlib. Bu dəfə əsas məsələ laçınlıların öz evlərini gələn turistlərə kirayə verməsidir. Bu adi və normal bir hadisədir. Mən Bakını, Sumqayıtı qoyuram qırağa, Quba, Qusar, Şamaxı… rayonların  sayını  artıra bilərəm, bu regionda da yay aylarında adamlar öz evlərini gələn turistlərə kirayə verirlər. 

Laçını və kəndlərini o qədər gözəl zövqlə  tikiblər ki, heç də İsveçrənin qəsəbə və kəndlərindən geri qalmır. Mən başqa bir məsələyə toxunmaq istəyirəm. İsveçrəni başdan-ayağa gəzmişəm, təkcə şəhərlərini  yox, kəndlərini də. Həmin kəndlərdə yaşayan adamlar  heyvandarlıqla məşğul olur, yəni hamı Saat zavodunda işləmir, «Rolex» düzəltmir. Özü də  çox qəribədir ki,  kəndlilər istehsal elədikləri heyvandarlıq məhsullarını yolun kənarında düzəltdikləri  piştaxtaya  qoyur, qiymətləri də yazır qoyur  üstünə, satıcı da yoxdur. Yoldan ötənlər istədiklərini alıb pulunu da kasaya qoyurlar.  Kəndli  də axşamüstü gəlib pulunu götürür, yenə piştaxtanı doldurur. 

Və İsveçrədə  kənd turizmi çox inkişaf edib. Kənd  turizmi nədir?  Şəhərli gəlir, bir ev tutur və ev sahibi ilə birlikdə, belə demək mümkündürsə, əkinə gedir, biçinə gedir, heyvanlara  qulluq edir, ev sahibi ilə birlikdə yeyib-içir və təxminən bir ay kəndli  həyatı sürür, bundan  zövq alır. 

Bir zamanlar Naxçıvan Ali Məclisinin  sabiq  sədri Naxçıvanda da kənd turizmi  yaratmaq istədi, amma nədənsə alınmadı. 

İsveçrədən çox danışmaq istəmirəm, qayıdaq Laçına. Dağ camaatı, yəni Laçın, Kəlbəcər, Qubadlı camaatı əsasən heyvandarlıqla məşğul olublar. Təbii ki, bu adlarını  çəkdiyim rayonlarda saat zavodları yoxdur  və bununla da həyatlarını qurublar, ev-eşiklərini  tikiblər, balalarını ali məktəblərə düzəldiblər, toy-düyününü  ediblər və həmin balalar da ata-babalarının ənənələrini  davam etdiriblər. Laçında camaatın onlarla  mal-qarası, yüzlərlə qoyun-quzusu olub. İndi oliqarxların belə fermaları var. 

Məsələn, 200-dən  əskik qoyunu olanı və yaxud 50-dən əskik arı pətəyi olanı Kəlbəcər dağlarına  buraxmırlar. Qaçqınçılıqda hansı kəlbəcərlinin 200 qoyunu  ola bilər? Bəlkə olsa-olsa  Ağcabədidə Taxta körpüdə yaşayan laçınlıların ola bilər. 

İndi Laçın camaatı nəylə dolansın? Hamı müəllim, həkim deyil ki və ya məmur  işləmir ki. Ona görə də məcburdur yay aylarında evlərini kirayə versinlər ki, qış aylarında dolana  bilsinlər. 

Qarabağlılar çox gözəl bilir ki, şuşalıların əsas gəlir mənbəyi yay aylarında evlərini ağdamlılara, bərdəlilərə, ağcabədililərə və sair  kirayə versinlər ki, qışda ehtiyaclarını  ödəyə bilsinlər. 

Laçınlıların 200 illik, 300 illik  ənənələrini yenidən bərpa etmək lazımdır. Hər bir laçınlı ailəsinə Əmək Məşğulluğu İdarəsi ikicə inək və yaxud on baş  qoyun versə bu üç-dörd ildən sonra on-on beş mal-qara, yüzə qədər qoyun edir. Laçın başdan-başa örüş yerləridir. Kəndlərdə  hər ailəyə  tövlə tikmək də olar, mal-qarasını  orda saxlasın və qayıdıb Bakıya  qaçmasın. Belə olarsa hər bir laçınlı sevinə-sevinə qayıdacaq öz doğma yurd-yuvasına. 

Amma indi hökumət deyir ki, hələ beş il Laçında  heyvan saxlamaq olmaz. Bu qanunu  kim çıxarıb,  niyə çıxarıb və nədən ötəri  çıxarıb?  Beləliklə, hələ beş il Laçın camaatını öz doğma yurd-yuvasına  qaytarmaq  çətin olacaq. 

Hökumət bu barədə fikirləşməlidir. Camaatı incik salmaq olmaz.

Yazını məşhur bir anekdotla bitirmək istəyirəm. Bir rayonda yeni stadion tikilir.  Açılışı olur, birinci katib də  açılışda iştirak edir. Rayonun futbolçuları  qonşu rayonun futbolçuları ilə yoldaşlıq  görüşü keçirir. Birinci hissə qurtarandan sonra katib qalxır ayağa, deyir: 

- Day bəsdir, oyunu  saxlayın, stadionu  xarab eləməyin. 

Bəlkə hökumət  fikirləşir ki, camaat  rayon  və kəndləri  xarab eləyər? İsmayıllının İvanovka kəndində hamı heyvan saxlayır, amma kənd tər-təmizdi, xarab olmayıb. Aran rayonlarımızın kəndlərində də hamı mal-qara, qoyun-quzu saxlayır, amma kəndlər xarab olmayıb.

İndi söz Nazirlər Kabinetinindir.