Prezidentdən sosial sahədə növbəti inqilabi addım: 2 milyon insanı əhatə edən sosial paket - Səbuhi Məmmədli yazır
    • 19-06-2019, 14:04
    • 714

Prezidentdən sosial sahədə növbəti inqilabi addım: 2 milyon insanı əhatə edən sosial paket - Səbuhi Məmmədli yazır

Hələ ilin yarısı bitməyib. Altıncı ayı başa çatmayıb. Və artıq indidən əminliklə demək olar; 2019-cu il Azərbaycanda sosial sahədə inqilabi islahatlar ili kimi tarixə düşəcək. 

Əslində cənab İlham Əliyevin 11 aprel 2018-ci il seçkilərində növbəti parlaq qələbəsindən sonra təkcə bir il ərzində Prezidentin uğurlu sosial islahatlar paketi 3 milyon vətəndaşın rifahına ciddi dəstək olan inqilabi addımların atılmasına imkan verib.

Elə dünən verilən sərəncamlar da bu qəbildən idi. Heç kimə sirr deyil ki, son bir il iki ayda dövlət başçısının imzaladığı fərman və sərəncamların mühüm bir hissəsi məhz əhalinin sosial müdafiəsinin əhəmiyyətli şəkildə gücləndirilməsi, sosial sahə üzrə müasir, şəffaf, çevik, optimal idarəçilik və xidmət mexanizmlərinin formalaşması məramına istiqamətlənib. Bu mühüm məqam isə Prezident cənab İlham Əliyevin siyasi fəaliyyətində məhz insan, vətəndaş amilinin, ölkədə sosial rifah və sabitliyin təminatının əsas yer tutduğunu bir daha təsdiq edir. 

Seçkilərdə qələbə qazandıqdan sonra Prezident cənab İlham Əliyevin imzaladığı ilk Fərmanın - 2018-ci il 19 aprel tarixli Fərmanın şəhid vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı olması həssas qrupların sosial müdafiəsinin gücləndirilməsinin onun növbəti prezidentlik dövründə də siyasətinin başlıca istiqamətlərindən olduğunu təsdiq etdi. 2019-cu il 28 yanvar tarixli Fərman isə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhid vərəsələrinin əhatə dairəsinin genişlənməsinə səbəb oldu. Beləliklə, hər iki Fərmanın icrası olaraq, 12268 şəhidin vərəsələrinə ödəmə verilməsi (bunun üçün 135 milyon manat vəsait ayrılıb) nəzərdə tutulub. Ötən ilin noyabrın əvvəllərindən artıq 6200-ə yaxın şəhidin vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub. 2019-cu il ərzində digər vərəsələr də, birdəfəlik ödəmə ilə təmin ediləcəklər. 28 yanvar 2019-cu il tarixli Sərəncamla şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün mənzillərin alınması məqsədilə 35 milyon manat ayrıldı. “2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır”, deyə bəyan edən Prezident cənab İlham Əliyevin bu sözləri onun uğurlu sosial islahatlar paketinin nailiyyətləri kimi, əhalinin rifah halının yaxşılaşdırılması sahəsində cari ilin ötən dövründə ciddi addımların atılması ilə real təsdiqini tapıb. 

Prezident cənab İlham Əliyevin sosial islahatlar paketinin daha bir uğurlu nəticəsi 8 fevral 2019-cu il tarixli Sərəncamla ölkədə minimum əmək haqqının 2019-cu il martın 1-dən orta hesabla 40 faiz artırılaraq 180 manata çatdırılması oldu. 600 min (o cümlədən, dövlət sektoru üzrə 450 min, özəl sektor üzrə 150 min) işçinin rifahına ciddi dəstək olan bu artım üçün illik 400 milyon manat əlavə vəsait ayrıldı. Dövlət başçısının imzaladığı 25 fevral 2019-cu il tarixli Sərəncam isə ölkənin sosial həyatında inqilabi addımların davamlı xarakter aldığını göstərdi. Sərəncamla 600 minədək şəxsə, o cümlədən 300 min əlilliyi olan şəxsə yönələn sosial müavinətlərin, Prezidentin aylıq təqaüdlərinin aprelin 1-dən orta hesabla 100 faiz artırılması təmin edildi, əlavə olaraq bir sıra kateqoriyalardan olanlar üçün Prezidentin aylıq təqaüdləri təsis olundu. Sərəncamın icrası üçün əlavə olaraq illik 400 milyon manat ayrılması nəzərdə tutulur ki, bu da sosial müavinət və təqaüdlərin verilməsinə yönələn illik vəsaitin 2 dəfə artırılması deməkdir. Eyni zamanda, 2019-cu il 26 fevral tarixli Sərəncamla məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün aylıq müavinət 50 faiz artırılaraq 60 manata çatdırılmaqla, bu müavinəti alan 500 mindən çox məcburi köçkünün rifahına mühüm dəstək verildi. 14 fevral 2019-cu il tarixli Sərəncamla 110 minədək tələbənin təqaüdlərinin ciddi şəkildə artırılması da təmin olundu. Ölkədə vətəndaşların sosial problemlərinin həllini öz siyasətində prioriet kimi müəyyən edən Prezident cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli Fərmanı devalvasiyanın təsirlərini aradan qaldırmağa və problemli kreditlərin həllinə də şərait yaratdı. Ölkənin sosial həyatı üçün olduqca mühüm olan, 800 mindən artıq insanın problemli kredit narahatlığını aradan qaldıran bu addım Azərbaycan Prezidentinin yüksək humanizmini, onun daim ölkə vətəndaşının yanında olduğunu bir daha nümayiş etdirdi. 19 fevral 2019-cu il tarixli Fərman isə istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərindən ibarət 350-400 min insanın mənafelərinin təmin olunmasına xidmət etməklə, Azərbaycanın sosialyönümlü dövlət siyasətinin əsasında humanizm prinsipləri dayandığının növbəti təsdiqi oldu. Beləliklə, ötən dövr ərzində Prezident cənab İlham Əliyevin sosial islahatlar paketi 3 milyon vətəndaşın rifahında əhəmiyyətli rol oynayan mühüm addımların atılmasına imkan verdi. 

Dünənki tarixi sərancamlardan sonra Azərbaycanda minimum əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılacaq. Bununla da, ölkəmizdə minimum əməkhaqqının məbləğinin yaşayış minimumunu (180 manat) 40 faizədək üstələməsi təmin edilir. Minimum əməkhaqqının artımı birbaşa olaraq 950 minədək vətəndaşı əhatə edəcək. Həmin insanlardan 600 mini dövlət sektorunda, 350 mini özəl sektorda işləyənlərdir. Bu artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 780 milyon, 2019-cu il (sentyabr-dekabr ayları) üzrə 245 milyon manat əlavə vəsait ayrılması təmin olunacaq. Sərəncamla minimum əməkhaqqının məbləğinin 250 manata çatdırılması dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşları üzrə orta əməkhaqqının da orta hesabla 40 faiz artmaqla 265 manatdan 367 manata çatmasına imkan verir. Yeni “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Sərəncam ölkədə sosial rifahın yüksəldilməsinin Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin prioritet istiqaməti olduğunu bir daha təsdiq edir və bu istiqamətdə cari il ərzində artıq ikinci böyük sosial paketin reallaşdırıldığını göstərir. Belə ki, bundan əvvəl dövlət başçısının cari il fevralın 8-də imzaladığı Sərəncamla da minimum əməkhaqqı 130 manatdan 180 manata çatdırılmış, bu artım 600 minədək insanı əhatə etmişdi. Göründüyü kimi, Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramı təkcə bu il ərzində minimum əməkhaqqının təqribən iki dəfəyə yaxın artırılmaqla 130 manatdan 250 manata çatdırılması kimi əhalinin rifahına ciddi dəstək olan mühüm sosial uğura nail olmağa imkan verib. Artımdan sonra Azərbaycan Respublikasında minimum əməkhaqqı MDB ölkələri arasında alıcılıq qabiliyyətinə görə 2-ci yerdə qərarlaşacaq. 

Bu gün isə İtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı maraqlı rəqəm açıqlayıb: “Cənab Prezidentin imzaladığı inqilabi sosial paket 2 milyona qədər insanı əhatə edir. Bunun maliyyə tutumu isə 1 milyarda yaxındır. Bu da sosial vəziyyətin daha da yaxşılaşdırılması deməkdir”.

Bu gün isə hələ iyunun 19-udur. Hələ ilin yarısı belə başa çatmayıb. Və artıq əminliklə demək olar ki, 2019-cu il sözün həqiqi mənasında sosial sahədə inqilabi islahatlar ili kimi Azərbaycanın tarixinə yazılacaq.

Səbuhi Məmmədli