-
- 2-10-2024, 14:44
- 232
İran üçün xəritə “hazırlanır” – Regionda yeni dövlətlər yarana bilər
“İran-İsrail gərginliyinin Azərbaycana hərbi təsiri olmayacaq. Rəsmi Bakı tərəfsizdir və Yaxın Şərqdəki münaqişənin parçası deyil”.
Bu sözləri Globalinfo.az-a politoloq Turab Rzayev Tehran və Təl-Əviv arasındakı qarşıdurmanı şərh edərkən deyib.
Onun sözlərinə görə, İran ərazisində müharibə olacağı halda, Bakıya qarşı müəyyən risk faktorları yaranır:
“Ən önəmli məsələ, şübhəsiz, İran əhalisinin ölkəni tərk etməsi və şimala üz tutmasıdır. Azərbaycan belə bir köçə hazır deyil. Proses fərqli motivdə cərəyan edir, İran-İsrail gərginliyi fonunda regionun fraksiyalara bölünməsi, parçalanması ehtimalı böyükdür. Fikrimcə, hazırda bunu heç vaxt olmadığı qədər hiss edirik. Çünki belə situasiyalarda mərkəzdənqaçma meyilləri olur, regionun xəritələri vəziyyətə uyğun olaraq yenidən çəkilir.
Mövcud gərginliyin nəticəsini öncədən demək çətindir, lakin Tehran mərkəzi hakimiyyətində müəyyən boşluğun yaranması mümkündür. O zaman isə İrandakı etniq azlıqlar gərginliyin miqyasından asılı olaraq öz müqəddəratlarını təyin edə bilər”.
Politoloq bildirib ki, İran Prezidenti Məsud Pezeşkian da əslində çıxışlarında etnik azlıqlarla bağlı məsələyə toxunub:
“Pezeşkian istisna etmir ki, mövcud problemlər aradan qalxmasa, gələcəkdə İran parçalana, Bəlucistan, Güney Azərbaycan və başqa dövlətlər yarana bilər. Bu, əslində hazırda İranda da öngörülən ciddi problemdir.
İsrail də elə bunda maraqlıdır. Hətta Baş nazir Benyamin Netanyahunun açıqlaması fonunda Təl -Əvivin İranın parçalanması üçün işlər gördüyünü deyə bilərik. Lakin bunun baş tutub-tutmayacağını zaman göstərəcək”.