Bu gün Ümumdünya Qaçqınlar Günüdür- QAÇQINLAR VARLI DEYİL, İEOÖ-də MƏSKUNLAŞIB
    • 20-06-2019, 11:01
    • 1 642

Bu gün Ümumdünya Qaçqınlar Günüdür- QAÇQINLAR VARLI DEYİL, İEOÖ-də MƏSKUNLAŞIB

20 iyun Ümumdünya Qaçqınlar Günüdür. 

News24.az-ın xəbərinə görə, Ümumdünya Qaçqınlar Günü ilə əlaqədar olaraq dünyadakı qaçqınların sayı açıqlanıb. 

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) “Qlobal tendensiyalar” hesabatına görə ötən il zorla didərgin salınmış insanların sayı son 70 ilin ən yüksək həddinə çatıb. Hesabatda bildirilir ki, 2018-ci ildə dünyada qaçqın vəziyyətinə düşən və sığınacaq axtaranların sayı 2.3 milyon nəfər artaraq 70.8 milyona çatıb. Bu rəqəmin təqribən yarısını uşaqlar təşkil edir. Qaçqın uşaqlardan 111 mini valideynlərindən ayrı düşüb və tək başına həyatda qalmağa çalışır. Hesabatda bu ilki rəqəmin 20 il əvvəlki ilə müqayisədə 2 dəfə çox olduğu qeyd olunur və real rəqəmlərin daha çox ola biləcəyi də istisna edilmir. Hazırda dünyada hər gün 37 min nəfər yaşadığı yeri tərk etmək məcburiyyətində qalır. 70,8milyona isə daxildir: birinci qrup- müharibə və münaqişələrə görə ölkəsini tərk edənlər. Onların sayı 2018-ci ildə 500 min artaraq 25.9 milyona çatıb. Ikinci qrup-sığınacaq üçün müraciət etdikləri ölkədən cavab gözləyən 3.5 milyon immiqrant. Üçüncü qrup-öz ölkələrindən kənara çıxa bilməyən, ölkə daxilində başqa bir əraziyə köç edən 41.3 milyon nəfərdir. Dünyanın ən çox qaçqın çıxan ölkələriSuriya, Əqanıstan, Cənubi Sudan, Myanma, Somalidir. 

Hesabatda o da bildirilir ki, yaşadıqları yeri tərk etməli olan milyonlarla qaçqının yükü əsasən varlı qərb ölkələrinin deyil, daha yoxsul və inkişaf etməkdə olan ölkələrin üzərindədir. Varlı ölkələrdə hər 1000 nəfərə 2.7 qaçqın düşdüyü halda daha kasıb ölkələrdə bu rəqəm 5.8-dir. Ən kasıb ölkələr dünyadakı bütün qaçqınların üçdə birinə ev sahibliyi edir.

Azərbaycanda isə 1.200.000-dək qaçqın və məcburi köçkün vardır. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycanda qaçqınlara və məcburi köçkünlərə dövlət səviyyəsində diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin apardığı sosial siyasətin prioritet istiqamətlərindən biri kimi məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, maddi rifahının yüksəldilməsi üçün zəruri tədbirlər görülür.

Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərin sosial problemlərinin həlli üçün məqsədyönlü iş aparır. Dövlətimizin başçısı məcburi köçkünlərin problemlərinin həllinin ən prioritet məsələlərdən olduğunu bir daha bəyan edərək bu kateqoriyadan olan vətəndaşlar üçün yeni yaşayış komplekslərinin tikintisinin genişləndirilməsi barədə tapşırıqlar verib. Ölkə rəbərinin məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdə ədalət prinsipinin təmin olunmasının vacibliyini diqqətə çatdırması və bu gün bu prinsipin təmin edildiyini bildirməsi Dövlət Komitəsinin üzərinə böyük məsuliyyət qoyur. Qeyd olunub ki, hər bir əməkdaş bu məsuliyyəti daim hiss etməli, öz vəzifə səlahiyyətlərini mövcud qanunvericiliyə və ədalət prinsiplərinə tam uyğun şəkildə yerinə yetirməlidir.

Hesabat dövründə Bakı şəhərinin Qaradağ rayonu ərazisindəki “Ümid” qəsəbəsində ikinci mərhələdə inşa edilmiş 300 mənzildən ibarət məhəllədə, Abşeron rayonu ərazisindəki 1005, Sumqayıt şəhərindəki 1001 mənzilli yaşayış komplekslərində məcburi köçkünlərin yerləşdirilməsi başa çatdırılıb. Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayon ərazisində qəzalı və yaşayış üçün təhlükəli vəziyyətdəki obyektlərdə, 1 yanvar 2019-cu il tarixə olan məlumata görə, 8.485 məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdığı qeydə alınıb. Yeni mənzillərə birinci növbədə ən ağır şəraitdə yaşayan ailələlər, həmçinin məcburi köçkün olan şəhid və əlil ailələri köçürülüb. Köçürülmə obyektlərində daşınmaz əmlakı, qeydiyyat uyğunsuzluğu olan məcburi köçkünlər aşkar edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”na əsasən, onlara yeni yaşayış sahəsi verilmir. Bundan başqa, müvəqqəti məskunlaşma obyektlərində məcburi köçkün statusu olmayan şəxslərin və ailələrin yaşaması faktları da aşkar edilir ki, bu da köçürülmə prosesində ciddi problemlərin yaranmasına gətirib çıxarır. Belə bir fakt diqqətə çatdırılıb ki, təkcə Abşeron rayonunda 1, Sumqayıtda 2, Bakıda 18 qəzalı vəziyyətdə olan yataqxana və tədris korpusunda məcburi köçkün statusu olmayan 655 ailə və ya 2.032 nəfər məskunlaşıb. Bu da ümumilikdə həmin obyektlərdə məskunlaşanların 37 faizini təşkil edir. Dövlət Komitəsinin yerli sektor və nümayəndəliklərinə tapşırılıb ki, belə halların vaxtında aşkarlanması və təxirəsalınmaz tədbirlər görülməsi üçün komitəyə məlumat versinlər və yerli icra hakimiyyəti orqanları ilə birlikdə müvafiq tədbirlər görsünlər.

MKSİF-in sifarişi əsasında, bu il Bakının Pirallahı rayonunda 300, Şirvan şəhərində 685, Kürdəmir rayonunda 563, Ucar rayonunda 250, Göygöl rayonunda 130, Ağcabədi rayonunun “Taxta körpü” adlanan ərazisində birinci mərhələdə 645 ailə üçün zəruri sosial-texniki infrastrukturu olan qəsəbələr, Beyləqan rayonu ərazisində 146 məcburi köçkün ailəsi üçün fərdi yaşayış evlərindən, məktəb, uşaq bağçası, klub-icma mərkəzi, tibb məntəqəsi və inzibati binadan ibarət qəsəbə, həmçinin Füzuli rayonunda 95 məcburi köçkün ailəsi üçün fərdi evlər tikilib istifadəyə veriləcəkdir. Növbəti ildə isə belə layihələr Sumqayıt və Gəncə şəhərlərində, Ağcabədi, Şəmkir, Samux, Goranboy rayonlarında icra ediləcəkdir.

Qurumdan o  da bildirilir ki, məcburi köçkünlərin qeydiyyatının vahid elektron bazasının yaradılması işlərinin yaxın müddətdə tam başa çatdırılması, bu kateqoriyadan olan vətəndaşların məşğulluğunun artırılması barədə Dövlət Komitəsinin müvafiq strukturlarına tapşırıqlar verilib, vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması işinin daha da təkmilləşdirilməsi, mənzil fondunun qanunvericiliyə uyğun şəkildə istismarı ilə bağlı konkret tədbirlər müəyyənləşdirilib, həmçinin gündəlikdəki digər cari məsələlərə dair qərarlar qəbul edilib.