"Hər iki narkoman nəslin..." - Ağstafa qətliamının yeni gizlinləri - Video
    • 20-06-2019, 15:28
    • 2 120

"Hər iki narkoman nəslin..." - Ağstafa qətliamının yeni gizlinləri - Video

"Həm öldürən, həm də düşmənləri olan ailələrin nümayəndələri öz avtomobillərində silah gəzdirirlər"
Bir neçə gün öncə Ağstafada rayonunda baş vermiş kütləvi qətliamda öldürülmüş Ağgöl kənd sakini Zeynəb Cəlilovanın oğlu Zaur Cəlilov hadisənin təfərrüatını danışıb.

O, əvvəlcə hadisənin baş verdiyi günlə bağlı bəzi detalları açıqlayıb: “Anamla səhər saat 08.40-da Böyükkəsik kənd bazarına gəldik. Anamı bazarda düşürüb öz işimin ardınca getdim. Anamı götürmək üçün geri qayıdanda gördüm ki, bazarda terror baş verib".

"Orada əsgərlikdən təzə gəlmiş oğlan var idi, yaxşı ki, o ölmədi, güllə baldırına dəydi. Yaralanmış 68 yaşlı kişinin ayağı amputasiya olundu. Yaralanan qadının daxili orqanlarının əksəriyyəti götürülüb. Üç dəfə əməliyyat ediblər, ancaq bundan sonra yaşayıb-yaşamayacağı bəlli deyil. Mənim üzləşdiyimi isə Allah heç düşmənimə də göstərməsin. Anamın beynini asfaltdan yığdım. Anamın həmin gün ad günü idi, 59 yaşı tamam olurdu. Onun yanında olmadığıma görə özümü bağışlaya bilmirəm” - Z.Cəlilov bildirib.

“İki başıxarab, narkoman nəslin nümayəndələri torpaq üstündə bir-birinin ətini yeyirdilər. Onların davasının bizə heç bir aidiyyəti yoxdur, anam günahsız yerə güllələnib. Qeyrətsizin oğlu, guya intiqam alırmış. İntiqam alan oğlan düşməninin qarşısına kişi kimi çıxardı. Bazarın içində günahsız milləti güllə-boran etmək qeyrət deyil. Şərəfi, namusu olan oğlan, ümumiyyətlə qadına güllə atmazdı” – deyə o vurğulayıb.

Həmsöhbətimiz polislərin fəaliyyətindən də danışıb: “Köçərli kəndində polis şöbəsi var. Onların Post Patrul Xidmətinin əməkdaşları sürücülərə göz açmağa imkan vermir. Sürücülər onların əlindən maşın sürə bilmirlər. İxtiyarları olmadığı halda sürücülərdən rayon yol polisindən çox sənəd tələb edirlər. Orda-burda gizlənirlər ki, bir bakal pivə içmiş sürücüləri tutsunlar, rayon polisi ilə qorxudaraq 500 manat alsınlar".

"Onu da deyim ki, həm öldürən, həm də düşmənləri olan ailələrin nümayəndələri öz avtomobillərində silah gəzdirirlər və bunu hamı yaxşı bilirdi. Mən aidiyyəti qurumlardan, şəxslərdən soruşuram, necə olur ki, həmin post patrul xidmətinin əməkdaşları öz maşınlarında rahatca avtomat gəzdirirlər? Bunu hamının bildiyi halda, onların maşınları niyə yoxlanılmır? Qatil avtomatı öz maşınının yük yerindən götürüb, terrorçu kimi bazara girib və qarşısına çıxan hər kəsi güllələyib” - Cəlilov qeyd edib.

Onun iddia etdiyinə görə, qətliam baş verən vaxt Dövlət Sərhəd Xidmətinin əməkdaşı, həmçinin dəmiryol polisi hadisə yerindən qaçıblar: “Dəmiryol polisi papağını belə, orda qoyub qaçmışdı. Dəmiryol polisinin oturduğu köşkdə siqaretlə alışqandan başqa heç nə yoxdur. Təsəvvür edin, qatil qan davası üçün yox, bütün kəndi qırmağa gəlir. Və Böyükkəsik Azərbaycanda ən böyük dəmiryol vağzalından biri olmasına baxmayaraq, orada həmin şəxsi dayandırmaq üçün heç nə yoxdur”.

Zərərçəkmiş qətlləri törədən şəxsin “dəlilik kağızının” olduğunu da iddia edib: “Öldürən şəxsin əmisini illər əvvəl qoyun qırxını vaxtı öldürmüşdülər, bağırsaqları çölə tökülmüşdü. Öldürən şəxsə ömürlük həbs cəzası vermişdilər. Ancaq 12 il sonra onu azadlığa buraxdılar. Elnur da düşündü ki, o, 3 nəfəri öldürə-öldürə azadlığa çıxdısa, mən də bir qədər yatıb, çıxaram. Bildiyimə görə, Elnura “dəlilik kağızı” da veriblər. Halbuki, o, dəli deyil, dəli olsaydı, avtomatı öz qarnına tuşlayardı”.

Müsahibimiz qan davasının bu həddə çatmasında Ağstafa rayonun icra strukturlarını ittiham edib: “Bu hadisədə rayonun bütün rəsmi orqanları günahkardır. Çünki Ağstafa Azərbaycanda qanunların ən pis işlədiyi rayondur. Gözdən uzaqda qalmış rayonda özbaşınalıq hökm sürür. Burada bütün kəndi də qırsalar, heç kim tutulmayacaq. Polis hədə-qorxu gəlməklə tərəfləri barışdıracaq və bununla da iş bağlanacaq”.

“Rayon icra hakimiyyətinin nümayəndələrinin evimizə gəlib, ailəmizə başsağlığı verməsinə baxmayaraq, həqiqəti söyləyəcəm. Ailələrin var-dövlətləri o qədər artmışdı ki, iki qoçun başı bir qazanda qaynamırdı. Bu vəziyyət, ədavətin illərlə davam etməsi də bəzilərinə sərf edirdi. Rayon icra başçısının bir müavini bir ailənin arxasında durmuşdu, digər müavini də o biri ailənin. Bu iki ailə onların pul, yem mənbəyi idi. Əlbəyaxa başlayan bir davanı rüşvət almaqla ört-basdır elədilər, sonunda da nə qədər insan qətlə yetirildi. Ölən qadın hər həftə 2-3 TIR dolusu heyvan satırdı, pulunu “tələb olunan yerlərə” göndərirdi. Bunun müqabilində də oğlu 12 ildən sonra azadlığa çıxdı. Güllə mənim günahsız anama yox, həmin pulları yeyənlərin balasına dəyməliydi” – deyə Zeynəb Cəlilovanın oğlu vurğulayıb.

Baş verənləri sıradan bir qətl yox, soyqırımı hesab edən, terror adlandıran zərərçəkmiş onu da bildirib ki, qətliamı törədən şəxsə layiqli cəza verilməyəcəyi təqdirdə, o da qarşı tərəfdən intiqam alacaq: “Məcburam ki, öldürənin anasının qanını töküm. Məni buna rayonda hökm sürən dərəbəylik məcbur edir. Deyirlər ki, öldürənin ailəsi gəlib bizdən üzr istəmək istəyir, ancaq qorxurlar. Başa düşmürlər ki, son nəfəsimə qədər onları bağışlaya bilmərəm. Bacardığım qədər sonuna kimi gedəcəyəm. O, “dəlilik kağızı” ilə həbsdən yaxa qurtarsa, mən qan tökəcəyəm. Onun var-dövləti, 10 min, 50 min mal-qoyunu, heyvan yatağı və s. varsa, mənim də namusum, qeyrətim var. Anamın qisasını qanunlar verməsə, qanla alacağam. Qatilin qanunla cəzalandırılacağına ümidim yoxdur”.

Z.Cəlilov sosial şəbəkələrdə Elnur Süleymanovun qəhrəman kimi təqdir olunmasına da etirazını bildirib: “Görün, hansı səviyyəyə düşmüşük ki, qatil “lotu”, “vorzakon” kimi təqdir edilir, qeyrətli oğul adlandırılır. Həmin şəxslərə sual verirəm, günahsız qadına güllə atanı qeyrətli oğul kimi təqdim etmək olarmı?”

Qeyd edək ki, İyunun 17-də saat 08 radələrində Ağstafa rayonunun Böyük Kəsik kəndinin ərazisindəki kənd təsərrüfütı məhsullarının satış bazarında orada satıcı işləyən Sadıxlı kənd sakinləri - Şərqiyyə Musayevanın, oğlanları Novruz və Şəmiddinin, həmçinin Ağgöl kənd sakinin Zeynəb Cəlilovanın odlu silahla qətlə yetirilib. Rayonun daha 3 sakini isə ağır bədən xəsarətləri alıb. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 və 228.1-ci maddələri ilə cinayət işi başlanılıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib. İlkin araşdırmalarla bu ağır cinayətin Ağstafa rayonunun Sadıxlı kənd sakini Elnur Süleymanov tərəfindən şəxsi münasibətlər zəminində qisas almaq niyyətilə törədilməsi, bu zaman onun “Kalaşnikov” markalı avtomat silahdan istifadə etməsi müəyyən olunub.

Zaur Cəlilovun ittiham etdiyi Ağstafa rayon icra strukturlarının və PPX-nin də münasibətini öyrənməyə çalışacağıq./Ayna/