Daha çox vətəndaş ipoteka ilə ev ala biləcək - Deputat
    • 9-10-2024, 23:35
    • 490

Daha çox vətəndaş ipoteka ilə ev ala biləcək - Deputat

Azərbaycan Prezidenti tərəfindən imzalanan yeni fərmanla İpoteka və Kredit Zəmanəti Fondunun nizamnamə kapitalı 87.7 milyon manat artırılaraq 1 milyard 68 milyon manata çatdırılıb. Bu artım dövlət büdcəsindən ayrılan 87 milyon 700 min manat vəsaitin güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün istifadəsi ilə həyata keçiriləcək.

News24.az Metbuat.az-a istinadla xəbər verir ki, iqtisadçı alim, millət vəkili Vüqar Bayramov bu addımın ipoteka götürmək istəyən vətəndaşlar üçün əhəmiyyətini vurğulayıb.

Bayramovun sözlərinə görə, Prezident İlham Əliyev hər il fondun nizamnamə kapitalının artırılması ilə bağlı fərman imzalayır ki, bu da sosial ipoteka kreditlərinin daha çox vətəndaşa çatdırılmasına imkan yaradır. Nizamnamə kapitalının artırılması ipoteka kreditlərinin genişləndirilməsi və daha çox insanın güzəştli şərtlərlə ipoteka götürməsinə şərait yaradır.

Qeyd edək ki, indiyə qədər fond vasitəsilə 51 min 778 ipoteka krediti verilib və ümumi məbləği 3 milyard 249 milyon manatı keçib. Bu artım daha çox vətəndaşa güzəştli ipoteka krediti əldə etmək imkanı yaradacaq.