-
- 10-10-2024, 09:29
- 680
Əhaliyə ŞAD XƏBƏR: Sənədsiz evlərlə bağlı QƏRAR VERİLDİ
Bakının ətraf ərazilərində, Abşeronda - xüsusilə çıxarışsız həyət evlərinin inşa olunduğu ərazilərdə son günlər ölçmə işlərinə başlanılıb. Dövlət Əmlak Xidmətinin müvafiq qurumlarının əməkdaşları ölçü işləri aparırlar. Onların verdiyi qeyri-rəsmi məlumata görə, bu, ünvanların dəqiqləşdirilməsi, sənədsiz evlərə çıxarışların verilməsi prosesinə hazırlıqdır.
Xatırladaq ki, Prezident bununla bağlı müvafiq sərəncam imzalayıb.
Qeyd edək ki, iyul ayında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin idarə heyətinin sədri Nigar Alimova jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanda daşınmaz əmlakın elektron reyestri portalı gələn ilin əvvəlinə istifadəyə veriləcək. “Layihə razılaşma üçün hökumətə, aidiyyəti dövlət orqanlarına təqdim edilib. Onlardan müsbət geridönüş olduqda gələn ilin əvvəlində istifadəyə veriləcək”, - deyə o qeyd edib.
Rəsmi rəqəmlərə görə, hazırda Bakıda və Abşeron rayonu ərazisində 400 minədək çıxarışsız ev mövcuddur. Qeyri-rəsmi məlumata görə isə bu evlərin faktiki sayı 600-700 min civarındadır.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi məlumatına əsasən, bu ilin yanvar-avqust aylarında Azərbaycanda 239 min 314 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,15% azdır. 8 aylıq göstəricinin 39 min 148-i (16,3%) ilkin, 200 min 166-ı (83,7%) isə təkrar qeydiyyatın payına düşüb. Mülkiyyət hüququ qeydiyyata alınan əmlaklardan 39 min 536-sı fərdi yaşayış və bağ evi, 55 min 172-si mənzil, 136 min 179-u torpaq sahəsi, 2229-u qeyri-yaşayış binası, 6636-sı qeyri-yaşayış sahəsi, 526-sı əmlak kompleksi, 36-sı isə çoxmərtəbəli yaşayış binasıdır. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlakların 63 min 933-ü Bakının, qalanı isə bölgələrin payına düşüb.
Hesabat dövründə 177 min 937 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35% azdır.
Son 1 ildə qeydiyyata alınmış ipoteka müqavilələrinin sayı isə 13,2% azalaraq 46 min 919 olub.
Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, torpaqların təyinatlarının dəyişdirilərək yaşayış məntəqələri təyinatlı torpaqlara çevrilməsindən sonra onların üzərində tikilən evlərə də çıxarışların verilməsi mümkün olacaq: “Bu günə kimi bu istiqamətdə müəyyən addımlar atılsa da, uzun illərdir bu prosesin həyata keçirilə bilinməməsinin əsas səbəbi qaydaların müəyyən edilməməsi idi. Bir çox ərazilərdə tikilmiş yaşayış massivləri qadağan olunmuş ərazilərdə salındığına görə həmin əmlaklara çıxarışların verilməsi mümkün deyil. Yeni qaydalara görə, torpağın mülkiyyətçisi torpaqların bir kateqoriyadan digərinə keçirilməsi ilə bağlı həmin torpaq sahəsinin yerləşdiyi ərazi vahidi, aid olduğu kateqoriya, keçirilməsi nəzərdə tutulan kateqoriya, keçirilmənin əsaslandırılması və digər məlumatlar aydın göstərilməklə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməlidir. Müraciətə həmçinin qanunvericilikdə müəyyən olunan digər sənədlər əlavə olunmalıdır. Əmlak Məsələləri Dövlət Xidməti müraciətə dair sənədlərin və məlumatların tamlığını, habelə torpaq sahəsinin keçirilməsi təklif edilən kateqoriya üzrə istifadəsinin mümkünlüyünü və digər məlumatların düzgünlüyünü yoxlayacaq. Müraciətdə və ona əlavə olunan sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə, qurum 3 iş günündən gec olmayaraq Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə Kənd Təsərrüfatı, İqtisadiyyat nazirliklərinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, habelə mənafeyinə toxunulan aidiyyəti dövlət orqanlarının rəylərinin alınması üçün müraciət edəcək. Aidiyyəti dövlət orqanları 10 iş günü müddətində rəylərini bildirməlidirlər”.
Ekspert qeyd etdi ki, göstərilən müddətdə rəylər təqdim edilmədikdə, torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi aidiyyəti dövlət orqanı ilə razılaşdırılmış hesab olunur: “Daha sonra Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 15 iş günü müddətində torpaq sahəsinin yerquruluşu qaydasında iki nüsxədən ibarət kağız üzərində və elektron daşıyıcıda yerquruluşu xəritəsi hazırlanacaq. Xəritə müvafiq yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə və aidiyyəti dövlət orqanları ilə razılaşdırılmalı və təsdiq edilməlidir. Yerquluşu xəritəsi müraciət və ona əlavə edilən sənədlərlə birlikdə İqtisadiyyat Nazirliyinə təqdim olunacaq. İqtisadiyyat Nazirliyi isə yerquruluşu xəritəsinin bir nüsxəsini, müraciəti və ona əlavə olunan digər sənədləri 10 iş günü müddətində Nazirlər Kabinetinə təqdim edəcək. Nazirlər Kabineti tərəfindən qərar qəbul edildiyi halda, onun surəti Əmlak Məsələləri Dövlət Xidmətinə daxil olduqdan sonra dövlət torpaq kadastrında 2 iş günü müddətində dəyişikliklər ediləcək və bu barədə müraciət edən subyektə 3 iş günü müddətində sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada məlumat veriləcək. Qanunvericilikdə müəyyən edilmiş qaydada və müddətdə müraciət edən subyektin ərizəsi əsasında bu dəyişikliklər daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınacaq. Torpaq sahəsinin bir kateqoriyadan digərinə keçirilməsi prosesi dövlət torpaq kadastrında və daşınmaz əmlakın dövlət reyestrində bu barədə zəruri dəyişikliklər edildikdən sonra başa çatmış olacaq”.
// “Yeni Müsavat”