-
- 11-10-2024, 17:00
- 476
“Nəvəm hələ də məni dağılmış evə aparın deyir” - ÖZƏL MÜSAHİBƏ
Bu gün Vətən müharibəsində Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən dördüncü dəfə raket atəşinə tutulmasından dörd il ötür.
2020-ci ilin oktyabrın 11-də gecə saat 02:00-da atılan raket “Qələbə parkı”nın ətrafında yerləşən yaşayış ərazisinə düşərək binaları dağıdıb. Dinc sakinlərdən 10 nəfər həlak olub, 34 nəfər yaralanıb.
Bu raket hücumları nəticəsində 31 mənzil tamamilə uçub, hadisə yerindəki və onun yaxınlığındakı obyektlərə ciddi ziyan dəyib. Hücumdan ümumilikdə 205 nəfərin yaşadığı 95 mənzil qəzalı vəziyyətə düşüb.
Terror nəticəsində bir neçə ailələrin üzvləri həlak olub. Onlardan biri də Əliyevlər ailəsidir. Erməni terroru nəticəsində Günay Əliyeva, onun həyat yoldaşı Adil və qayınanası Afaq Əliyeva da dünyalarını dəyişiblər.
Gencexeber.az terror qurbanı olan Günay Əliyevanın anası Sevil Babazadə ilə həmsöhbət olub.
Müsahibəni təqdim edirik:
– Sevil xanım, öncə qızınız ilə bağlı xatirələrinizdən danışmağınızı istərdim.
– Qızım 1992-ci il yanvarın 31-də Gəncə şəhərində doğulub. 1998-ci ildə Gəncə şəhər 19 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olub, 2007-ci ildə həmin məktəbin 9-cu sinfini bitirərək Gəncə Humanitar Kollecinin (indiki Gəncə Dövlət Regional Kolleci) Maliyyə-kredit fakültəsinə daxil olub. 2011-ci ildə həmin təhsil ocağını bitirib. 2016-cı ildə Əliyev Adil Həmzə oğlu ilə ailə həyatı qurub. Bir övlad anası idi.
Gəncə terrorunda üç doğmasını itirən ana: “Nəvəm hələ də məni dağılmış evə aparın deyir” – ÖZƏL MÜSAHİBƏ
– Qızınızın başına gələnlərdən necə xəbər tutdunuz?
– Biz həmin dövrlərdə gecələr olanda gözləyirdik ki, görən hara raket düşəcək. Həmin gecədə hər kəs öz evində yatırdı. Raket bizdən aralı, qızımgilin evinin yaxınlığına düşsə də, yatdığımız yerdən dik atıldıq. Ev çox pis silkələndi. Həmin dəqiqə hara düşdüyünü bilmədik. Böyük qızım ilə əlaqə saxladıq. O dedi ki, bizdə yaxşılıqdır.
Günaygilə zəng vurdum, telefonları məşğul idi. Bu, məni aldatdı. Həmin vaxt demə hər kəs onlara zəng edib. Üst-üstə düşüb. Narahat olduğum üçün mən qaynım ilə Günaygilə getdim. Yoldaşım həmin vaxt Rusiyada idi. Getdik, çatdıq. O mənzərəni ancaq filmlərdə görmüşdüm. Canlı belə bir səhnəyə şahidlik edəcəyim ağlıma da gəlməzdi. Kaş gözlərim görməz olaydı…
Gəncə terrorunda üç doğmasını itirən ana: “Nəvəm hələ də məni dağılmış evə aparın deyir” – ÖZƏL MÜSAHİBƏ
“Qızımın evi torpağa qarışmışdı”
– Evdən əsər-əlamət yox idi. Yerlə-yeksan olmuşdu. Qızımın evi torpağa qarışmışdı. Evin görüntüsü gözümün qabağından getmir. İlk kürəkənim Adil Əliyevin meyiti çıxarıldı. Qızımı mənim yanımda dağıntılar altından çıxardılar. Xəstəxanaya apardılar. Qızım beyin ölümü keçirmişdi. Aparata qoşdular. Lakin ürəyi dözmədi. Bir gün sonra dünyasını dəyişdi.
Bir ailənin üç üzvü həlak oldu. Bircə nəvəm Nilay sağ qaldı. Qızımın qayınanasını bir gün sonra dağıntılar altından çıxardılar.
Gəncə terrorunda üç doğmasını itirən ana: “Nəvəm hələ də məni dağılmış evə aparın deyir” – ÖZƏL MÜSAHİBƏ
“Yoldaşı ilə anasını tapa bilmədiyi üçün Adilin ürəyi dayanmışdı”
– Nilay da başından zərbə almışdı. 1 yaş 10 aylıq idi. O, sərbəst danışırdı. Dedi ki, ata məni çölə qoyub, içəri qayıtdı. Yoldaşı ilə anasını tapa bilmədiyi üçün Adilin ürəyi dayanmışdı. O, mərd oğul idi. Evin bircə balası idi.
Gəncə terrorunda üç doğmasını itirən ana: “Nəvəm hələ də məni dağılmış evə aparın deyir” – ÖZƏL MÜSAHİBƏ
– Nəvəniz Nilay həmin hadisələrdən nələr danışır?
– Nilayın noyabrın 19-da 6 yaşı olur. Birinci sinfə gedir. Nilay ötən ildən bu hadisələri dərk edir. Özü də deyir ki, nənə, sənə demirdim ki, pis olasan. Onun yaddaşında qalıb. Deyir, evimiz dağıldı.
Gəncə terrorunda üç doğmasını itirən ana: “Nəvəm hələ də məni dağılmış evə aparın deyir” – ÖZƏL MÜSAHİBƏ
“Nəvəm dağılmış evinin şəklini çəkir”
– Biz bir il Bakıda olduq. Nilay bura gələndə deyir ki, məni dağılmış parka aparın. Nilay həmişə o parkda oynayırdı. Hər dəfə deyirdi ki, məni dağılmış yerə aparın. İndi dağılmış yer də hasarlanıb. Tez-tez getmək olmur. Mən o gündən sonra həmin yerə getmirəm. Gedə bilmirəm. Nilay yenə getmək istəyir. O yerin adını “dağılmış ev” qoyub. Gedəndə nə isə axtarır, məncə ata-anasını axtarır. Şəkillər çəkir, soruşuram ki, bunlar kimdir, deyir ata-anamdır, bu da nənəm. Nəvəm sanki dağılmış evinin şəklini çəkir.
Biz hələ də o günləri unuda bilmirik. Çox faciəli idi. Nilay iki aya ancaq şokdan ayıldı. Danışmırdı, oynamırdı, gülmürdü. Ancaq qulaqların tutub, qışqırırdı. Nilay mənə balalarımın əmanətidir.