Bu 3 söz Türkiyəni silkələdi – Qardaş ölkədə tarixi dəyişiklik başlayır
    • 14-10-2024, 21:38
    • 2 211

Bu 3 söz Türkiyəni silkələdi – Qardaş ölkədə tarixi dəyişiklik başlayır


Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş deyib ki, Konstitusiyanın toxunulmaz ilk dörd maddəsindən üçüncüsü dəyişdirilməlidir. Onun bu açıqlaması ölkədə rezonans doğurub.

Türkiyənin azadlıq mübarizəsindən sonra müstəqilliyinin ilk zamanlarından qəbul olunan Konstitusiyada ilk dörd maddənin dəyişməz olduğu konkret şəkildə vurğulanır. Bu səbəbdən təklif Türkiyə ictimaiyyətinin sərt reaksiyasına səbəb olub.

Əslində N.Kurtulmuşun təklifi ilk belə hal deyil. AKP iqtidarı son 10 ildir Türkiyədə konstitusiya ilə bağlı dəyişikliyə ehtiyacın olduğunu dilə gətirir, amma tamamilə yanlış anlaşılır. Məsələ ondadır ki, Türkiyə Cümhuriyyətinin Konstitusiyası 1924-cü il 20 aprel tarixində TBMM-də qəbul edilib. Bununla belə, konstitusiya bir neçə dəfə, özü də qanusuz şəkildə, xalqın iradəsi olmadan dəyişikliyə məruz qalıb. Bu hadisə Türkiyə Silahlı Qüvvələrinin (TSQ) 1960 və 1980-ci illərdə iki hərbi çevrilişindən sonra baş verib.  1971 və 1997-ci illərdə isə TSQ hökuməti istefaya məcbur edib.

Mövcud AKP hakimiyyəti əslində bunu əsas gətirərək Konstitusiyada dəyişikliyin olmasını təklif edir. Bununla belə nə olur olsun, Türkiyə konstitusiyasının ilk 4 bəndi dəyişdirilə bilməz. AKP istəsə də, istəməsə də bu mümkün deyil.


Həmin 4 bənd bunlardır:

Maddə 1. Türkiyə Dövləti bir Cümhuriyyətdir.

Maddə 2. Türkiyə Cümhuriyyəti cəmiyyətin əmin-amanlığı, milli həmrəylik və ədalət anlayışı daxilində, insan hüquqlarına hörmət edən, Atatürk milliyyətçiliyinə bağlı, başlanğıcda qeyd olunan əsas prinsiplərə əsaslanan, demokratik, dünyəvi və sosial bir hüquq dövlətidir.

Maddə 3. Türkiyə Dövləti ölkəsi və milləti ilə bölünməz bir bütündür. Dili türk dilidir. Bayrağı, formasını qanunla müəyyən edilmiş, ağ ay-ulduzlu qırmızı bayraqdır. Milli marşı “İstiqlal Marşı”dır. Paytaxtı Ankaradır.

Maddə 4. Konstitusiyanın 1-ci maddəsindəki Dövlətin formasının Cümhuriyyət olduğu ilə bağlı müddəalarla, 2-ci maddəsindəki Cümhuriyyətin keyfiyyətləri və 3-cü maddəsindəki müddəaları dəyişdirilə bilməz və dəyişdirilməsi təklif edilə bilməz.

İndi isə TBMM sədrinin nə dediyinə baxmaq lazımdır. O, deyib ki;

“Türkiyənin irəlidəki müddətdə ən vacib məsələlərindən biri də yeni Konstitusiyanın hazırlanmasıdır. Dövlət millətin işlərini yaxşı idarə etmək üçün qurulan bir mexanizmdir. Buna uyğun olaraq Konstitusiyada millətin ehtiyacları dilə gətirilməldir. Məsələn, “dövlətin milləti və ölkəsi ilə bölünməz bütövlüyü” ifadəsi doğrudur, amma qeyd etdiyim istiqamətdən baxdıqda dəyişdirilməsinə ehtiyac var. Çünki dövlətin ölkəsi, milləti olmaz. Konstitusiyadakı bu mətn “millətin dövləti və ölkəsi ilə bölünməz bütövlüyü” formasında ifadə edilməlidir. Yeni konstitusiyada bu məsələyə diqqət edilməli olduğunu düşünürəm”.

Numan Kurtulmuş

Göründüyü kimi, müəyyən dairələr N.Kurtulmuşun sözlərini məqsədyönlü şəkildə ya təhrif edir, ya da yanlış təəssürat yaratmaq üçün istifadə edir. Əslində o demir ki, 3-cü maddə dəyişdirilməlidir. Bildirir ki, “dövlətin ölkəsi, milləti olmaz”. Konstitusiyadakı bu mətn “millətin dövləti və ölkəsi ilə bölünməz bütövlüyü” formasında ifadə edilməlidir. Bu, əslində, doğru yanaşmadır. N.Kurtulmuş konkret maddənin dəyişdirilməsini qeyd etmir, sadəcə ifadə dəyişikliyi təklif edilir.

O ki qaldı yeni konstitusiya məsələsinə, burada qeyri-adi nəsə yoxdur. Əslində, Türkiyə tarixinə baxdıqda qanunların dəyişdirilməsi o qədər də qeyri-adi hadisə deyil. Misal üçün Osmanlı şəriət əsaslı dövlət olsa da, dünyəvi qanunlar Osman Qazi və Orxan Qazi dövründən qəbul edilməyə başlanıb. Bu qanunlara Fateh Sultan Mehmetə qədər hakimiyyətdə olan sultanlar yenilərini əlavə ediblər. Mehmedin İstanbulu fəthindən sonra başda vərasət qanunu olmaqla, digərləri əsaslı surətdə yenilənib. Onun oğlu II Bəyazid isə bu qanunları daha da təkmilləşdirib.

Kanun-i Esasi Nedir? Kanuni Esasi Maddeleri ve Özellikleri Nelerdir?


Sultan II Əbdülhəmid və “Qanuni əsasi”

“Qanuni” ləqəbli Sultan Süleyman dövrün tanınmış üləmalarından Əbusuud Əfəndi ilə birlikdə qanunları yenidən əsaslı surətdə təkmilləşdirərib. Daha sonra isə Sultan I Əhməd yenidən vərasət qanunu başda olmaqla, dəyişiklik edib. 18-19-cu əsrlərdə isə III Əhməd və I Mahmud, III Səlim, II Mahmud kimi sultanlar Osmanlının ilk rəsmi konstitusiyası olan “Qanuni əsasi”nin bazasını formalaşdıran qanunları qəbul edib.

Sultan II Əbdülhəmid dövründə, 1878-ci ildə Osmanlının ilk konstitusiyası olan “Qanuni əsasi” qəbul olunub. Bu konstitusiya 1924-cü il 20 aprel tarixində TBMM-də qəbul ediləcək konstitusiyanın əsasını təşkil edir.

Türkiyə konstitusiyasının qəbulundan 100 ilə yaxın müddət keçib və təbii olaraq reallıqlar, cəmiyyət, siyasət, həmçinin geosiyasi vəziyyət dəyişib.  Dünyada yeni tendensiyalar var. Belə olan təqdirdə Türkiyə konstitusiyasının dəyişdirilməsi təklifi də başadüşüləndir. Lakin ilk dörd maddə heç bir halda dəyişdirilə bilməz. N.Kurtulmuşun dediyi kimi, ifadə dəyişikliyi edilə bilər.