-
- 16-10-2024, 09:29
- 535
Bakıda bu məktəbin şagirdləri təhlükəli yoldan istifadə edirlər
Bakının Xətai rayonu, "Həzi Aslanov" metrosu yaxınlığında yerləşən 254 nömrəli tam orta məktəbin qarşısında yol infrastrukturu bərbad vəziyyətdədir.
Bu barədə paytaxt sakinləri BAKU.WS-in "qaynar xətti"nə şikayətlərində bildiriblər. Qeyd edilib ki, məktəbin yanından piyadaların hərəkəti üçün şərait yaradılmayıb.
Şagirdlər və müəllimlər hər gün məktəbə gedib-gələrkən maşın yolunun ortası ilə hərəkət edirlər.
Bununla bağlı dəfələrlə aidiyyatlı qurumlara müraciət edilib. Lakin heç bir tədbir görülməyib.
Hətta həmin ərazidə bir neçə dəfə piyada vurulması ilə nəticələnən yol qəzaları da olub.
Problemə münasibət öyrənmək üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirildi ki, təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə təhlükəsizlik tədbirləri görülür.
" 254 nömrəli məktəbin ətrafı məhəllədaxili yollarla əhatələnib və nəqliyyat vasitələrinin hərəkətinin intensiv olmadığı ərazilərdəndir.
Təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə təhlükəsizlik tədbirləri görülür. Bu əraziyə də baxış keçirilərək sürət həddinin endirilməsi və tramplinlərin quraşdırılması məsələsinə baxıla bilər", - deyə qurumdan bildirilib.