-
- 16-10-2024, 20:05
- 1 064
Soyuq havaların yeməyi XAŞ: Mütəxəssis zərər və faydalarını AÇIQLADI
Havanın temperaturu düşən zaman bəzi yemək növlərinə tələbat artır. Bunlardan biri kəllə-paça, yəni “xaş”dır. Bunun üçün restoranlara, kafelərə üz tutanlarla yanaşı, evdə hazırlayanlar da var.
Bununla bağlı Sfera.az-a açıqlama verən qida mütəxəssisi Ağa Salamov deyib ki, xaş bölgələrə görə müxtəlif çeşidlərə bölünür.
Onun sözlərinə görə, bu yeməyin bişmə texnologiyası da sadədir:
“Ətin üstünə çıxacaq qədər su əlavə edilib qaynayana qədər gözləyirlər. Qaynadıqdan sonra isə aşağı tempdə 5-6 saat, bəzən isə səhərə qədər bişirilir. Bu da heyvanın yaşlı və cavan olmasından irəli gələn vaxt aralığıdır. Əgər yaşlı heyvandırsa, onu 10-12, cavandırsa, 5-6 saata bişirmək tövsiyə edilir. Xaş bişirmək üçün heyvan ayaqları alan zaman diqqət edilməli məqamlar da var. Bu yemək üçün çox vaxt heyvanın qabaq ayaqları götürülür. Səbəb isə ön ayaqların daha ətli olmasıdır. Bundan başqa, heyvan arxa ayaqları üzərində oturduğundan, ön ayaqlardan yemək hazırlanması daha məqsədəuyğundur”.
Mütəxəssis bildirdi ki, kəllə-paçanın qazda ütülməsinin heç bir ziyanı yoxdur:
“Əvvəllər vedrənin içində ocaq qalayar, orada ayaqları ütərdilər. Bu, ən təbii üsuldur. Kəllə-paça hazırlayan zaman diqqət edilməli məqamlardan biri də yuma qaydasıdır. Sümüyü bir qədər yağlı olduğundan, onu təmizlədikdən sonra suyunu 3-4 dəfə dəyişərək yumaq lazımdır. Bundan başqa, kəllənin burun hissəsini kəsmək lazımdır. Bir qədər çırpdıqdan sonra isə burun hissəsindən çirklər gələcək və təmizlənmiş olacaq. Bişdikdən sonra duz əlavə edilir”.
Ağa Salamov xaşın insan orqanizminə mənfi təsirlərindən də söz açdı:
“Bu yeməyi istehlak etməkdə heç bir ziyan yoxdur. Tam ütülərək təmizlənib, bişirilən xaşın tərkibində ziyanlı maddə qalmır. Xaşın kalori dəyəri yüksək olsa da, yanında servis edilən sirkə tarazlığı təmin edir. Eyni zamanda, xolesterini gündəmə gətirirlər. Bilmək lazımdır ki, xolesterinlər faydalı və zərərli olmaqla iki yerə bölünür. Zərərli xolesterinləri yaradan xaş, quyruq, kərə yağı və başqa heyvan mənşəli ət-yağ məhsulları deyil. Qanda pis xolesterinləri şəkər yaradır. Buna görə də insanlar mütəxəssislərin fikirlərinə əhəmiyyət verməlidir. Kor-koranə şəkildə “diyetoloq” kimi fəaliyyət göstərən insanların sözünə aldanmaq olmaz. Onlar mətbəximizi gözdən salmağa çalışırlar. Bəli, xaş ağırlıq yarada və kökəlməyə səbəb ola bilər. Xaşı yedikdən sonra fiziki aktivlik əsas şərtdir. Ürək, qan-damar sistemi və bu kimi digər xəstəliklərdən əziyyət çəkənlər isə həkim məsləhəti olmadan istehlak etməməlidirlər”.
Son olaraq mütəxəssis soyuq aylarda xaş istehlak etməyi, yeyə bilən və bilməyən hər kəsə tövsiyə etdi:
“Hər səhər yeyin!”