Kadr ehtiyatını təmin etməyən UNİVERSİTETLƏR
    • 21-10-2024, 22:57
    • 2 044

Kadr ehtiyatını təmin etməyən UNİVERSİTETLƏR

“Ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrinin bir çoxu inkubator cihazından fərqlənmir. Tələbə istehsalı ilə məşğuldurlar. Gəldi, diplomunu aldı və getdi. Bir neçəsi istisna, əksəriyyətinin məzunları haqqında datası yoxdur. Bir çoxu ümumiyyətlə yalnız diplom vermək funksiyasını həyata keçirir. Sonrakı tale, yəni, məzunu haradadır?

“Harada çalışır? Hansı məzun universitetə nə kimi dəstək ola bilər?” kimi məsələlərlə maraqlanan yoxdur. Halbuki, bu məsələdə həssaslıq universitetə nə qədər reytinq gətirər”.

Bu sözləri təhsil eksperti Elçin Əfəndiyev sosial media hesabında etdiyi paylaşımda bildirib.

Onun bu paylaşımı müxtəlif müzakirələrə səbəb olub.

Bəs ekspertin dediyi kimi universitetlər məzunlar üçün iş imkanlarını necə yarada bilərlər? Bu istiqamətdə hansı addımlar atılmalıdır?

Bizim.Media məsələni elə ekspertin özü ilə müzakirə edib.  

Elçin Əfəndiyev hesab edir ki, universitetlər öz məzunlarını izləməlidirlər. Çünki xarici ölkələrin bir çoxunda universitetlər öz məzunlarını izləyirlər, hansı işlə məşğul olduqları, fəaliyyət istiqamətləriylə bağlı məlumat sahibidirlər.

Eyni zamanda, onların iş imkanları barədə də düşünürlər:

“Məsələn, bir çox xarici universitet  müvafiq şirkətlərlə əməkdaşlıq edir, onların kadr ehtiyatını təmin etmək üçün məzunlarını təklif edirlər, hətta universitet bu təklif üzərindən müəyyən gəlir əldə edir. Təəsüflər olsun ki, bizim universitetlərimizdə bu istiqamətdə işlər aparılmır. İstər özəl, istər dövlət universitetlərinin şirkətlərlə əməkdaşlığı çox deyil, olsa belə, məhdud saydadır. Hər hansısa dövlət qurumunda çalışan əməkdaş, ümumiyyətlə, məzunların harada çalışdığı,  fəaliyyət istiqamətləriylə bağlı informasiyaya tam sahib deyillər”.

Bəs qeyd olunan istiqamətlərdə fəaliyyətlər həyata keçirilsə, nəticələri necə olar?

Ekspert  bu məsələyə də toxunub. O, deyib ki, universitetlər hansı ixtisasa daha çox tələbatın olduğunu, bitirənlər üçün əmək bazarında o qədər də iş olmadığını bilər və bununla bağlı planlama da qurarlar:

“Məsələn, iş imkanı zəif olan ixtisasların plan yerini azaldıb tələbatın daha çox olduğu ixtisasların plan yerini artırmaq olar. Bu kimi bazaların olması universitetlərin gələcəyinə də təsir edir. Eyni zamanda, dünyada reytinq ölçən təşkilatlar da var ki, onlar məzunların məşğulluq, universitetlərin əməkdaşlıq fəaliyyətini izləyir. Təbii ki, bu məsələlər yerində olsa, bu bizim universitetlərimizə də əlavə reytinq gətirər. Ancaq onların bir çoxu sanki buna maraqlı deyillər və yaxud bunu həyata keçirəcək kadr yoxdur”, - deyə müsahibimiz əlavə edib.