Azərbaycan tarixi sınaq qarşısında – Sərhədimizdə dağıdıcı müharibəyə doğru
    • 23-10-2024, 09:15
    • 1 358

Azərbaycan tarixi sınaq qarşısında – Sərhədimizdə dağıdıcı müharibəyə doğru


“İran-İsrail müharibəsinin başlaması ehtimalı Azərbaycan üçün də ciddi çağırışlar ortaya qoyur”.

Bu sözləri Globalinfo.az-a politoloq Əlimusa İbrahimov deyib.

Onun sözlərinə görə, İran–İsrail müharibəsinin region dövlətlərinə göstərəcəyi təsirin səviyyəsini müəyyən etmək üçün Rusiya-Ukrayna müharibəsinin acı təcrübələrinə diqqət yetirmək lazımdır:

“Ukrayna müharibəsi əslində Rusiya–Qərb, Rusiya–NATO müharibəsidir. Ukrayna adının arxasında Ramşteynə daxil olan 60 dövlət dayanır və Rusiya bunların hamısına qarşı müharibə aparır. Sözügedən müharibənin əks-sədası nəinki region dövlətləri, hətta dünya dövlətlərinə təsir edir.

Eləcə də İran-İsrail müharibəsi İran-Qərb, İran-ABŞ müharibəsi formasında təzahür edəcək. Yəni İrana qarşı təkcə İsrail deyil, bütün Qərb, ABŞ dayanacaq. Rusiya-Ukrayna müharibəsi kimi, bu müharibə də həm region dövlətləri, həm də digər dünya dövlətlərini öz ağuşuna alacaq. İrana qonşu dövlət olaraq bizim də təsirə məruz qalacağımız şübhəsizdir.

Düşünürəm ki, İran-İsrail müharibəsi Amerika Birləşmiş Ştatlarına Ukraynada uğradığı məğlubiyyəti kompensasiya etməkdən ötrü lazımdır. İrana qarşı duranların ssenariləri istədikləri kimi gedəcəkmi? Cavab vermək çətindir. Sadəcə Rusiya-Ukrayna müharibəsinin başladığı günləri xatırlayaq. Qərb və ABŞ ildırımsürətli hücumla çox qısa müddətdə Rusiyanı dizə çökürəcəklərinə əmin idilər. Amma müharibənin artıq 3-cü ili tamam olmaq üzrədir. Rusiya vuruşur və hətta qalib gəlir”.

Ekspert deyib ki, İrana qarşı müharibə Qərb üçün sürprizlər gətirə bilər:

“Çünki İran bu müharibədə tək olmayacaq və Rusiyanın hərbi dəstəyini hiss edəcək. Rusiya isə Qərb qoşunları ilə necə vuruşmaq lazım olduğunu daha yaxşı bilir. Qərbin İranla müharibəni də qısa müddətə bitirmək arzusu həyata keçməmiş qalacaq. Çünki məhz Rusiya İran-İsrail müharibəsini bitməyə qoymayacaq. Necə ki Qərb Rusiya-Ukrayna müharibəsini bitirməyə imkan vermir. Zelenski hər 3 aydan bir Rusiya ilə danışıqlar aparmaq fikrinə düşür. ABŞ emissarları, Avropa generalları ölkəni ziyarət edəndən və yeni vədlər verəndən sonra müharibə yenidən qızışır. Pentaqon rəhbəri Lloyd Ostin yenə Ukraynadadır və Zelenskiyə yeni vədlər paketi gətirib”.

Ə.İbrahimov vurğulayıb ki, İran-İsrail müharibəsi Azərbaycan üçün yeni sınaq mərhələsinə çevriləcək:

“Azərbaycan İranın qarşısında qonşuluq vəzifələrini və İsraillə strateji əməkdaşlıq üzrə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Bu iki dilemma qarşısında rəsmi Bakının ən doğru seçim edəcəyi şübhəsizdir. İlham Əliyevin rəhbərliyi altında Azərbaycan diplomatiyasının onu gözləyən sınaqlardan da üzüağ çıxacağına heç kimdə şübhə yoxdur.

Azərbaycan İran-İsrail müharibəsinə hazırlıq ərəfəsində öz quru və hava sərhədlərinə nəzarəti gücləndirməli, mənfur qonşularımızın hərəkətlərini diqqət altında saxlamalıdır. Düşünürəm ki, bu müharibə baş verərsə, ən ciddi zərbəni Ermənistan tərəfindən gözləməliyik. Axı onlar arxadan zərbə vurmaqda çox mahirdirlər”.