-
- 10-10-2024, 17:21
- 847
Qonşu ölkəyə hücum planlaşdırılır – Azərbaycan hərəkətə keçir?
Yaxın Şərqdə gərginliyin artması İranla İsrail arasında müharibənin başlayacağı haqda müzakirələri intensivləşdirib. Oktyabrın 1-də İran İsrailə raketlərlə hücum etdi. Təl-Əviv hələ ko susqunluğunu qoruyur. Lakin cavab haqqını özündə saxladığını bəyan edir.
Bu, Azərbaycan üçün mürəkkəb vəziyyət yaradır: bir yanda İrandakı 40 milyona yaxın azərbaycanlınım taleyi, digər tərəfdə İsrail kimi dost ölkə. Rəsmi Bakı tərəfsizliyini qoruduğunu illərdir bəyan və sübut edir. Amma qonşuluqda müharibənin başlaması rəsmi Bakını narahat etməyə bilməz.
Bəs Azərbaycan gözlənilən İran-İsrail müharibəsinə hansı formada hazırlaşır? Nə kimi önləyici tədbirlər görülür və ya görülməlidir?
Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, indiki halda Azərbaycanın İran-İsrail müharibəsinə hazırlaşması istiqamətində xüsusi tədbirlərin görülməsi barədə ciddi məlumatlar yoxdur:
“Bu bir sıra məsələlərlə bağlıdır. Birincisi, İran-İsrail müharibəsi yalnız indi deyil, uzun müddətdir ki, həm region dövlətləri, həm də regiona yaxın olan dövlətlərin üzərindən kabus kimi asılıb və Azərbaycan da digər qonşuları kimi hər zaman bu müharibənin başlana biləcəyi ehtimalı ilə yaşayır. Quru sərhədlərimizin qapalı saxlanılmasının bir ehtimalı da elə bu müharibənin baş verə biləcəyi gözləntisidir.
İkinci səbəb isə Azərbaycanın Ermənistanla daim müharibə şəraitində olmasıdır. Azərbaycanda və eləcə də regionda Azərbaycan-Ermənistan münaqişəsinin tam bitmədiyi hamıya aydındır. Ermənistanın revanşist rəhbərliyinin əməlləri nəticəsində bu müharibənin hər an başlaya biləcəyi də gözləntilər içərisindədir. Buna görə ölkəmiz hadisələrin istənilən istiqamətində inkişafına hazırdır”.
Politoloqun sözlərinə görə, nə İsrail, nə də ABŞ-ın Təl-Əvivə yardım məqsədi ilə yaratdığı koalisiya İrana qurudan hücum etməyə hazırlaşır:
“Mümkün müharibə uzaq məsafədən raket və qırıcı təyyarələrlə İrandakı həssas hədəflərə zərbə endirmək olacaq. Bu halda zərbələrdən Azərbaycanın ziyan görməsi minimum səviyyədə ola bilər. Azərbaycan bu zərbələr nəticəsində İranda yarana biləcək humanitar böhrana hazırlaşmalıdır.
Azərbaycanda digər region dövlətlərində olduğu kimi geniş həcmli müharibənin yaxın vaxtlarda baş verməyəcəyinə daha çox inanırlar. Amma istənilən halda dövlətimiz və onu rəhbərliyi yarana biləcək bütün hadisələrə hazır olmalıdır. Düşünürəm ki, bu istiqamətdə lazım olan bütün tədbirlər görülür”.