İşçilərin məzuniyyət hüquqları barədə işəgötürənlərə ətraflı məlumatlar verilib
    • 25-06-2019, 15:43
    • 1 010

İşçilərin məzuniyyət hüquqları barədə işəgötürənlərə ətraflı məlumatlar verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakının Suraxanı rayonunda “İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları. Məzuniyyət hüququ və onun təmin edilməsi” mövzusunda işəgötürənlərin maarifləndirilməsi məqsədilə növbəti tədbir keçirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir.

Tədbirdə həmçinin istirahət vaxtı, istirahət günləri, məzuniyyət haqqı ödənilərkən nəzərə alınan əmək haqqı növləri, məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası və ödənilməsi barədə məlumat verilib. Bu sahələrdə, habelə məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması və s. ilə bağlı əmək qanunvericiliyinin prinsipləri diqqətə çatdırılıb. İşəgötürənlərin məzuniyyətin hissələrə bölünməsi və məzuniyyətdən geriçağırma qaydası, əmək məzuniyyətinin başqa vaxta keçirilməsi şərtləri və digər məslələrlə bağlı sualları cavablandırılıb, onlara hüquqi izahatlar verilib.

Seminar zamanı işəgötürənlərə istirahət vaxtı və işçilərin məzuniyyət hüquqları ilə əlaqədar  maarifləndirici bukletlər paylanıb.