"Suya görə MÜHARİBƏLƏR OLACAQ..."
    • 25-10-2024, 02:39
    • 369

"Suya görə MÜHARİBƏLƏR OLACAQ..."


Ötən iki gün ərzində yağan güclü yağışlar nəticəsində yığılan yağış suları paytaxtda bir sıra fəsadlara yol açdı.

Tunellərə dolaraq hətta insan həyatına da son qoyan bu su kütlələri başqa məqsədlər üçün istifadə oluna bilərmi?

Bu mövzu haqqında AMEA-nın Coğrafiya İnstitunun şöbə müdiri Ənvər Əliyev Referans.az-a açıqlamasında yağış sularından istifadənin məqsədəuyğun olmadığını düşündüyünü deyib.

“Mənə elə gəlir ki, Azərbaycan əgər sudan mədəni şəkildə istifadə edə bilsə, ona yağış suyundan və ya başqa yollara əl atmaq ehtiyac deyil. Şəhər mühitində kifayət qədər tullantılar var. Uzun illər bizim benzinimiz də qurğuşun tərkibli olub. Bu qurğuşun da hazırda Xəzərin dərinliklərindədir. Bu yaxın müddətdə qurğuşun yanacağın tərkibindən çıxarılıb. Bildiyiniz kimi qurğuşun çox ağır elementdir və heç bir şəkildə destruksiya olunmur yəni parçalanmır. Bütün bunlar bir yana şəhərdə bu qədər maşın var, onların təkərindən çıxan toz-torpaq, daxili yanma motorlarından çıxan, tərkibində 200-dən artıq zərərli maddələr olmas ehtimal olunan suları təmizləmək qeyri-mümkün görünür”.

Ekspert qeyd edib ki, yağış sularının təmizlənərək hər hansısa məqsədlə istifadəsi üçün əhaliyə verilməsi uzun proseslər və külli miqdarda vəsait tələb edir ki, bu da sərfəli deyil.

“Su ehtiyatlarımızın qədrini bilməliyik. Gələcəkdə su üstündə müharibələr olacaq. Azərbaycanda belə güclü yağışlar 20-30 ildən bir olur. Bu vasitə ilə də şəhər yuyulur. Elə bu sudan da bu məqsədlə istifadə etmək daha yaxşıdır. Gələcəkdə də yağış sularının istifadəsi nəzərdə tutularsa, elə bu məqsədlər üçün texniki su olaraq istifadə məqbuldur”.