-
- 25-10-2024, 13:57
- 13 160
Bu ölkədə Dollar kəskin bahalaşdı – Azərbaycanı nə gözləyir?
Bir neçə gün öncə İranda dolların kəskin bahalaşmasına dair məlumat yayıldı. Sözügedən xəbər Azərbaycan ictimaiyyətində narahatlığa səbəb olub. Bir çoxları yaxın zamanda bizdə də dolların bahalaşa biləcəyini düşünür.
İranda baş verən devalvasiyanın Azərbaycana nə kimi təsiri ola bilər? Bu, İranla ticarət dövriyyəmizdə hansı problemləri yaradacaq?
Globalinfo.az-a danışan iqtisadçı Elçin Qurbanovun fikrincə, İranda dolların kəskin bahalaşmasına xüsusi səbəb yoxdur.
Onun sözlərinə görə, bu, yalnız siyasi gərginlikdən doğan gözləntilərlə bağlıdır:
“Məlum olduğu kimi, ABŞ tərəfindən tətbiq olunan sanksiyalar səbəbindən İranla neft ticarətini dayandıran bəzi dövlətlər 2024-cü ildə ticarət əlaqələrini bərpa etdilər. Bolqarıstan, Polşa və Türkiyə də bu ölkələr sırasındadır. Çin və Yaponiya isə demək olar ki, neft tələbatının əsas hissəsini İrandan idxal edir. Gündəlik 4.4 milyon barel neft istehsal edən İran bazarda kifayət qədər iri mövqeyə sahibdir. Demək istəyirəm ki, İrana xarici valyutanın əsas kütləsi neft ixracından daxil olur.
İsraillə hərbi əməliyyatların kəskin fazaya keçməsi, xüsusən da neft yataqları kimi strateji obyektlərin hədəfə alınması barədə nidalar İran hökuməti tərəfindən valyuta ehtiyatlarına daha qənaətcil və konservativ yanaşmanı şərtləndirir. Ölkə daxilində yaranan bu siyasi-iqtisadi təlatümlərin Tehran birjasında 1 ABŞ dollarının 64000 tüməndən daha yüksək qiymətə mübadilə edilməsinə səbəb olub”.
İqtisadçı deyib ki, Azərbaycan valyuta ehtiyatlarına qənaət edir:
“Bu və ya digər səbəblərdən İranda dolların bahalaşmasının Azərbaycana təsirinə gəlincə, deyə bilərəm ki, Azərbaycan onsuz da son illər valyuta ehtiyatlarına qənaətlə yanaşır. Devalvasiya İranın istehsalı olan məhsulların daha ucuz qiymətə alınmasına (idxal edilməsinə) şərait yarada bilər. Yəni İranın daxili bazarında qiymətlər xarici valyuta qarşısında ucuzlaşacaq. Bu da qonşu ölkələrin, həmçinin Azərbaycan vətəndaşlarının İranın əmtəə bazarına marağının artmasına səbəb olacaq. Azərbaycan xarici valyutanın kütləvi şəkildə kənara daşınmasının qarşısını almaq üçün kursun artırılması istisna, daha çox tənzimləyici qaydalar tətbiq edə bilər”.