-
- 26-10-2024, 18:12
- 366
Azərbaycanda bu video hər kəsi hiddətləndirdi - Daha bir "məşqçi" sindromu
Uşaqları erkən yaşından idman zallarına aparmaq az qala dəb halını alıb. Bu ənənə şərq əlbəyəxa döyüş növlərində daha geniş yayılıb. Valideynin öz körpəsini “yüksək səviyyəli karateçi” görmək arzusu baş qaldırır və o tifilini dəhşətli mənzərələrin baş verdiyi karate zallarına aparır. Körpələri gündüz uşaq bağçasına, axşam isə məşq zalına aparan valideynlər sanki 5-6 yaşlı uşaqdan Brüs Li ustalığı gözləyir. Anasının qoynunda doyunca yatmaq istəyən uşağın idman zallarına aparılması isə ciddi fəsadlar yaradır.
News24.az xəbər verir ki, uşaqların yaşına uyğun olmayan məşqlər və fiziki yükləmələr onları yorur və idmana marağının üstündən xətt çəkir. Sosial şəbəkələrdə qarşıma çıxan bir videonu ürək ağrısı ilə izlədim. Bığlı-saqqallı “məşqçi”nin bir südəməri “döyüşməyə” məcbur etməsi əməlli-başlı hiddət doğurdu. “Mən evimizə getmək istəyirəm”, deyib yalvaran körpəni ələ salan bu görməmiş adam sanki özünü ətrafdakılara göstərməklə rahatlıq tapır. Uşaq qorxur, özünü itirən körpə ətrafdakılardan yardım gözləyir. Ətrafdakılar isə bu mənzərəni videoya çəkib sosial şəbəkələrdə yaymağa hazırlaşır. Artıq onları vahimələndirən yalvaran uşaq yox, sosial şəbəkələrdə “partladacaqları” videonun baxış sayının azlığıdır. Onlar bu mənzərəni daha effektli çəkməyə çalışırlar. Məşqçi isə eyni sözləri təkrar edir: “Sən döyüşməlisən, kişisən axı”. Körpə isə çıxılmaz vəziyyətə düşdüyünün fərqinə varır və balaca ağlı ilə çıxış yolu axtarır. İki daşın arasında görməmiş adamın ürəyini yumşaltmağın yolunu tapdığını düşünür. Üz-gözü tüklü adamın boynunu qucaqlayır, yalvarır ona:
“Mən evimizə getmək istəyirəm”, – deyib haray təpir və güman edir ki, qarşısındakının ona rəhmi gələcək, onu rahat buraxacaq. Amma kimdir ondan əl çəkən. Körpənin hissiyyatı ilə oynayan “məşqçi” məqsədinə çatmadan südəmərdən əl çəkmək istəmir. 4-5 yaşlı uşaqda “kişilik duyğusu” yaratmağa çalışan kişi qırığının duruşunda özündən razılıq hiss olunur. İşi başa çatdırmamış, uşağı evə gözü yaşlı yola salmadan körpədən əl çəkənə oxşamır. Həyasız-həyasız mənzərəni videoya çəkənlər də gördüklərindən məmnundur. “Məşqçi” isə dayanmır, hədəf iki körpəni dalaşdırmaqdır.
Görünür, o biri uşaq da eynən bu vəziyyətdədir. Görünən odur ki, “məşqçinin” uşaqlarla necə davranmaq barədə anlayışı yoxdur. Bir tikə uşağı “vuruşmağa” məcbur edən bığıburma adam sanki bundan həzz alır. Təkrar-təkrar eyni sözləri deməklə uşaqda vahimə yaradan məşqçi özündən razı halda ətrafına baxır. Uşaqda mənəvi travmanın yaranması heç onun vecinə də deyil. Özünü dünyanın ən xoşbəxt “məşqçisi” hesab edən adam sanki dünya çempionatının rinqində sekundat kimi davranır və “aslan parçası”nı irəli atılmağa, rəqibini boğmağa çağırır. Əslində, şərq əlbəyəxa döyüş növlərindəki ümumi vəziyyət belədir.
Əlinə yalan-gerçək bir sertifikat keçirənlər kirayə idman zalı götürməklə yeni işə başlayır. Bundan sonra məşqçi “səmərəli fəaliyyətə” start verir. Özünü yüksək səviyyəli ”sensey” kimi qələmə verən məşqçilərin əksəriyyətinin normal təhsili də olmur. Onları idman zalına gələn uşaqların yaşı da maraqlandırmır. Güc bəlayla mənimsədikləri bir neçə katanı uşaqlara “yüksək ustalıqla” öyrədən “senseylər” özləri haqqında imic yaratmağa başlayırlar. Bu adətən rayon yerlərində daha geniş yayılıb. Praktika göstərir ki, bu cür idman zallarında məşğul olan məşqçilərin sertifkatları da saxtadır. Özlərini yüksək titullu “idmançı” kimi qələmə verən “məşqçi korpusu”nun gördüyü işlə heç kəs maraqlanmır. Uşağa “mən deyirəm, döyüşəssən”, – deyən məşqçi küçədə xoruz döyüşdürən adamları xatırladır. Əslində bu cür rəftar uşaqların psixoloji durumuna, onların ümumi davranışına təsir edir. Uşağı daim qorxu altında saxlayır, normal təhsil almalırına mane olur. Eyni zamanda bu cür travmalar uşaqlarda yuxu pozğunluğuna gətirib çıxarır. Ətrafındakılardan qorxmağa başlayan uşaqlarda bu qorxu onlarla bərabər böyüyür. Ona görə uşaqları müəyyən yaş həddinə qədər qorumaq lazımdır. 4-5 yaşlı uşaqdan böyük qələbələr gözləyən valideynlər balalarını bu cür manyaklara həvalə etməklə səhvə yol verdiklərini anlayanda artıq gec olur.
Konkret.az