-
- 26-10-2024, 20:50
- 405
Dənizdə selik kabusu — XƏBƏRDARLIQ
Bandırma On Yeddi Eylül Universiteti Dənizçilik fakültəsinin dekanı professor Mustafa Sarı dənizdə seliklə bağlı xəbərdarlıq edib.
Bu barədə News24.az Demokrat.az-a istinadən xəbər verir. Balıkəsirdə Erdek körfəzində dalış edən M.Sarı bildirib ki, suda selikli qişa 10 metrdən 24 metrə qədər yayılıb. 2021-ci ildə də Mərmərə dənizində selikli qişa yaranıb.
Dalışlar zamanı dəniz suyunun temperaturunun oktyabr ayının orta göstəricisindən iki dərəcə yüksək olduğu müəyyən edilib. Yerli mətbuata açıqlama verən Sarı seliklə bağlı məlumat verərək qeyd edib ki, əslində, nəfəs aldığımız havada oksigeni əmələ gətirən tək hüceyrəli yosunların çoxu azot və çirklənmə nəticəsində artan fosfordan istifadə edərək həddindən artıq çoxalıb: "Nəticədə suya polisaxaridlər ifraz olunub. Şəffaf bir quruluşa malik olan bu ifrazat sudakı bütün mikroorqanizmlər üçün uyğun inkişaf mühit yaradır. Bu kilometrlərlə uzanan selikdir".
Dəniz səthinin istiliyinin və artan çirklənmənin selik əmələ gətirdiyini deyən Sarı bunun qarşısını almağın yeganə yolunun Mərmərə dənizinin tullantı yükünü azaltmaq olduğunu diqqətə çatdırıb: "Mərkəzi və yerli hökumətlərin dəniz ekosisteminə dəyən zərəri azaltmaq və iqtisadi təsirləri məhdudlaşdırmaq üçün təcili tədbirlər görməsi vacibdir. Bu vəziyyət xüsusilə balıqçılıq və turizmə zərər verə bilər”.