-
- 26-10-2024, 21:35
- 794
Xərçəngin qurbanları artacaq: “Qarşıda bizi hələ xeyli fəlakətlər gözləyir...”
2050-ci ilə qədər xərçəng xəstəliyindən ölən kişilərin sayı artacaq.Avstraliyanın Queensland Universitetində aparılan tədqiqat göstərib ki, yaşlı kişilərlə yanaşı, gənclər arasında da xərçəng səbəbindən ölümlər artacaq. 185 ölkədə qeydə alınan sağlamlıq göstəriciləri əsasında aparılan tədqiqat xərçəngə tutulma sayında da artım olacağını göstərir. News24.az xəbər verir ki, xəstəliyin ən çox yayılacaq növünün isə dəri xərçəngi olacağı ehtimal olunur. Bundan başqa, prostat və ağciyər xərçənginə yoluxanların sayında da artım olacaq.
Professor Adil Qeybulla Demokrat.az-a açıqlamasında deyib ki, xərçəng xəstəliyinin əmələ gəlməsində ekoloji faktorların rolu danılmazdır. A.Qeybullanın sözlərinə görə, xüsusilə, havanın, suyun ekoloji göstəricilərində standartlardan kənara çıxılması, ekoloji çirkənmə, havada radioaktiv tullantıların artması, qida qatqılarının əlavə olunduğu qidaların istehlakı xərçəngə yoluxma riskini artırır:
“Bu kimi çoxsaylı faktorlar onkoloji xəstəliklərin artmasına səbəb olur. Bundan başqa, insanların az hərəkət etməsi, çox yemək yemək nəticəsində çəkinin artması da onkoloji xəstəliklərə gətirib çıxarır. Bir sözlə, bədəndə xərçəng törədən maddələrin, sərbəst radikalların artması tendesiyası var, ona görə də dünyada bu xəstəliklər artmağa doğru gedir”.
A.Qeybulla deyib ki, ağ ciyər xərçənginin artmasının əsas səbəbi siqaretdən istifadədir:
“İnsanlar arasında – kişi və ya qadın olsun, fərqi yoxdur, siqaretdən istifadə halları artır. Havada karbon qazının çəkisinin artması, avtomobillərdən havaya buraxılan yanacaq tullantılarının artması da insanların sağlamlığına təsir edir. Bu maddələr hava ilə ağciyərə daxil olur və oraya çökür, bronxları qıcıqlandırır. Dərimiz də bu cür təmaslardan yayınmır. Dəri xərçənginin yaranmasının səbəbləri daxildən gələn endogen sərbəst radikallar, konsoregen maddələr, digər bir səbəbi isə xarici təsirlərdir. Nəzərə alaq ki, biz iqlim şərtlərinin dəyişdiyi bir dövrdə yaşayırıq. Qarşıda bizi hələ xeyli fəlakətlər gözləyir. Hər gün sürprizlərə hazır olmalıyıq”.