El Klasiko-da irqçilik qalmaqalı
    • 29-10-2024, 19:00
    • 470

El Klasiko-da irqçilik qalmaqalı

İspan futbolunun ən vacib oyunu bitdi, lakin mübahisələr bitməyib. Meydan sahiblərinin 4:0 hesabı ilə uduzduğu "Real Madrid" - "Barselona" matçından sonra irqçiliklə bağlı araşdırma başlayıb. 

News24.az İspaniya mətbuatına istinadla xəbər verir ki, Real Madrid tribunaları matç zamanı başda "Barselona"nın 17 yaşlı ulduzu Lamine Yamala olmaqla Afrika əsilli bəzi futbolçulara irqçi şüarlar səsləndirib.

Real Madrid klubu irqçi şüarlar səsləndirən azarkeşləri müəyyən etmək üçün araşdırmaya başladığını açıqlayıb. Klubdan verilən açıqlamada "Futbolda və idmanda baş verən irqçilik, ksenofobiya və zorakılıq hadisələrini pisləyirik. Stadionda bəzi azarkeşlərin hərəkətlərinə görə təəssüflənirik" ifadələri işlədilib.

Qeyd edək ki, bu, İspaniya futbolunda ilk irqçilik hadisəsi deyil. Ötən ay "Real Madrid"in braziliyalı ulduzu Vinisius Junior da Atletiko Madrid matçında irqçi şüarlara məruz qalıb.

Məryəm İlhamqızı