"İçərişəhərdə 3 yeniliyin şahidi olacağıq "– Tarix-Memarlıq Qoruğunun rəisi
    • 27-06-2019, 15:19
    • 793

"İçərişəhərdə 3 yeniliyin şahidi olacağıq "– Tarix-Memarlıq Qoruğunun rəisi

"İyunun 30-dan iyulun 10-dək Bakıda YUNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası keçiriləcək. Sessiya çərçivəsində bu gün Abidə Menecerləri Forumu öz işinə başlayıb. Bu, çox əhəmiyyətli bir tədbirdir"

News24.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun rəisi Əsgər Ələkbərov bildirib.

O qeyd edib ki, Abidə Menecerləri Forumu dünyanın tarixi yerlərini və abidələrini idarə edən qurumların rəhbərliyinin toplaşıb müzakirə apardığı bir məkandır: “Forum çərçivəsində bir neçə gün ərzində biz digər ölkələrdən olan həmkarlarımızla qarşılaşdığımız problemlərə, çağırışlara dair müzakirələr aparacağıq”.

İçərişəhərdə həyata keçirilən layihələrdən danışan Ə.Ələkbərov qeyd edib ki, reallaşdırılan ən iri layihələrdən biri Bakı xanları iqamətgahının və parkın bərpasıdır:

“Bu məkanda 2016-cı ildə arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş hamam restavrasiya olunur. Hamamda restavrasiya işləri ilin sonunadək bitəcək. Eyni zamanda Bakı xanları iqamətgahında yeni muzeyin açılışını və parkın istifadəyə verilməsini ilin sonunda həyata keçirəcəyik”.