Əbülfəs Qarayev YUNESKO-nun Ümumdünya İrs Komitəsinin direktoru ilə görüşüb
    • 27-03-2019, 10:42
    • 766

Əbülfəs Qarayev YUNESKO-nun Ümumdünya İrs Komitəsinin direktoru ilə görüşüb

Mədəniyyət naziri Əbülfəs Qarayev Parisə səfəri çərçivəsində YUNESKO-nun Ümumdünya İrs Komitəsinin direktoru Mextild Rosslerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən News24.az-a verilən məlumata görə, görüş zamanı Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının sədri qismində çıxış edən Əbülfəs Qarayev ölkədə sözügedən mötəbər tədbir ilə əlaqədar aparılan hazırlıq işləri ilə bağlı qarşı tərəfə ətraflı məlumat verib.
Nazir İrs Komitəsinin Bakıda keçiriləcək 43-cü sessiyasının yüksək səviyyədə təşkil ediləcəyi ilə bağlı əminliyini ifadə edib.
İrs Mərkəzinin direktoru M.Rossler isə 3-6 mart tarixlərində Bakıya səfəri zamanı hazırlıq işlərinin uğurla aparıldığının şahidi olduğunu vurğulayıb. M.Rossler öz əməkdaşları ilə birgə İrs Komitəsinin sədri Əbülfəs Qarayevə 43-cü sessiya zamanı müzakirəsi nəzərdə tutulan mədəni və təbii irsin qorunması sahəsindəki məsələlər haqda ətraflı məlumat verib.
Ümumdünya İrs Mərkəzinin regional koordinatorlarının hər biri məsul olduqları regionların ölkələrinə dair məlumat veriblər. Mərkəzin direktoru M.Rosler qeyd edib ki, artıq ölkələr tərəfindən Dünya İrs Siyahısındakı abidələrə və təbii irs məkanlarına dair 166 hesabat komitədə müzakirə edilmək üçün daxil olub. Eyni zamanda gündəlikdə 42 ölkədən Dünya İrs Siyahısına yeni namizəd fayllar durur. Görüşdə, həmçinin komitə çərçivəsində büro və məşvərətçi iclaslar, Gənc Peşəkarlar Forumu və Abidə Menecerlərinin Forumunun formatı barədə də fikir mübadiləsi aparılıb.
Daha sonra tərəflər arasında sözügedən məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb və Bakı sessiyasına hazırlıq çərçivəsində müzakirələrin davam etdirilməsinə dair razılıq əldə edilib.
Qeyd edək ki, YUNESKO-nun ən mötəbər qurumlarından biri olan Ümumdünya İrs Komitəsinin iclasları zamanı Ümumdünya İrs Siyahısına yeni mədəni və təbii abidələrin daxil edilməsi, eləcə də artıq bu siyahıda yer alan abidələrin mühafizəsinin gücləndirilməsi məsələləri müzakirə edilir.