Biləsuvarda qəzada xəsarət alanlardan biri xəstəxananın şöbə müdiridir- YENİLƏNİB
    • 27-06-2019, 16:37
    • 955

Biləsuvarda qəzada xəsarət alanlardan biri xəstəxananın şöbə müdiridir- YENİLƏNİB

Biləsuvar rayonunda baş verən ağır yol qəzasında ölən və yaralananların şəxsiyyəti məlum olub.

News24.az-ın "Report"un Muğan bürosuna istinadla verdiyi xəbərə görə, rayonun İsmətli kənd sakini, 1996-cı il təvəllüdlü Məmmədov Asim Rasim oğlunun idarə etdiyi “VAZ-21015” markalı avtomobil həmkəndlisi, 1955-ci il təvəllüdlü Şakir İnşallah oğlu Dövlətovun idarə etdiyi “Lada Priora” markalı avtomobillə toqquşub.

Nəticədə rayon sakinləri - “VAZ-21015” markalı avtomobildə olan 1944-cü il təvəllüdlü Şükufə Qəhrəman qızı Tağıyeva və 1961-ci il təvəllüdlü Hüseynova Güllübəyim Mehdi qızı hadisə yerində ölüb. Onların meyitləri Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qəzada xəsarət alan hər iki sürücü və İsmətli kənd sakinləri - 1993-cü il təvəllüdlü Tağızadə Araz Əsəd oğlu və 1979-cu il təvəllüdlü Əliyeva Məlahət Qurban qızı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Məlumata görə, “Lada Priora” markalı avtomobilin sürücüsü Şakir Dövlətov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Terapiya şöbəsinin müdiridir.
Faktla bağlı araşdırmalar davam etdirilir.

***
15.35

Biləsuvarda ağır yol qəzası baş verib.

News24.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına isttinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Biləsuvar rayonunda “LADA” və “ВАЗ” markalı iki minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “ВАЗ” markalı avtomobildə sıxılı vəziyyətdə qalan 2 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.