"Hazırda şahmatda dopinqə bərabər  problem var" - FİDE prezidenti
    • 28-06-2019, 12:38
    • 1 086

"Hazırda şahmatda dopinqə bərabər problem var" - FİDE prezidenti

Bu gün Bakıda Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Prezident Şurasının iclası öz işinə başlayıb.

News24.az xəbər verir ki, Prezident Şurasında FIDE prezidenti Arkadiy Dvorkoviç, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov iştirak edib. 

FIDE prezidenti A.Dvorkoviç keçirilən iclasla bağlı media nümayəndələrinə açıqlamasında gündəmdə olan əsas 3 məsələni açıqlayıb:
“Şadıq ki, Prezident Şurası bu dəfə Bakıda keçirilir. Göstərilən qonaqpərvərliyə görə təşəkkürümüzü bildirirk. Beynəlxalq Şahmat Federasiyasının öz işini görməsi üçün bütün şərait yaradılıb. Azərbaycanda şahmata marağın daha yüksək olması, daha geniş türnir və müxtəlif tədbirlərin keçirilməsini arzulayırıq. 

Biz bu gün əsasən, üç vacib məsələni müzakirə edirik. Onlardan biri yarış və turnirlərin keçiriləcəyi ölkələr və qaydalarla bağlıdır. Dünya kubokunda ənənəvi deyil, daha çox ölkələrin şahmatçılarının iştirakı ilə bağlı təkliflər səslənir. 

İkinci məsələ isə müxtəlif ölkələrdə şahmatın inkişafı ilə bağlıdır. FIDE bu ilə şahmatın inkişafı üçün üç milyon avro vəsait ayrılıb. Buraya şahmat məktəbləri və digər sosial layihələr aiddir. Vacibdir ki, bu bütün dünyanı əhatə etsin. 

Qeyd etdiyim üçüncü məsələ isə Beynəlxalq Şahmat Federasiyasının gələcək həyatı ilə bağlı vacib məsələlərin müzakirəsidir. 
Hazırda şahmatda dopinqə bərabər olan problem var. Bu fırıldaqçılıq və ipucu verilməsidir”.

O, Bakıda daha böyük turnilərn keçirilməsinin müzakirə olunduğunu da bildirib: “Beynəlxalq Şahmat Federasiyası Azərbaycan Şahmat Federasiyası ilə sıx əməkdaşlıq edir. Prezident Şurasının Bakıda keçirilməsi ilə yanaşı, Azərbaycanda böyük turnulərin baş tutmasını da müzakirə edirik. Təbi ki, Vüqar Həşimov Memorialını dəstəkləyirik. Mən özüm də orada iştirak etmişəm. Bu, xoş hadisədir. İstərdik ki, FIDE-nin rəsmi tədbirləri, “Gran Pri” etapları da burada keçirilsin. Bu yaxınlarda FIDE və Azərbaycan Şahmat Federasiyası arasında Azərbaycanda şahmatın inkişafı ilə bağlı müqavilənin imzalanmasını da planlaşdırırıq”.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov isə Azərbaycanda baş tutan şahmat olimpiyadasının FIDE-nin tarixində ən uğurlusu olduğunu qeyd edib: “Bu, Bakıda keçirilən ilk Prezident Şurası deyil. Bundan öncə paytaxtımızda Prezident Şurasının, Avropa Şahmat İttifaqının iclasları da olub. Bu iclasın əlamətdar olması həm də FIDE-nin yeni heyətlə məhsuldar işə başlaması ilə də əlaqədardır. 
İclas iki gün davam edəcək və gündəlik həddən artıq böyükdür. Ümidvarıq ki, sabah günün yarısınadək işimizi yekunlaşdıracağıq. FIDE-nin Prezident Şurasının Bakıda keçirilməsi, Azərbaycanın yüksək şahmat nüfuzunun, ölkəmizdə idmana olan böyük diqqətin nümunəsidir. Bunu FIDE rəhbərliyi də hiss edir və vurğulayır. Onlar ümid edir ki, əvvəlki illərdə olduğu kimi, rəsmi yarışlara daha sıx qatılacağıq”. 

Mahir Məmmədov sonuncu FIDE-nin rəsmi yarışlarının Azərbaycanda 2015 və 2016-cı illərdə keçirildiyini xatırladaraq bunun dünya kuboku və şahmat olimpiadası olduğunu deyib: “Hazırkı iclasda da qeyd olundu ki, bu, FIDE tarixində ən uğurlu şahmat olimpiadası olub. Bizim gündəliyimizdə açıq turnilərdən başq, Vüqar Həşimovun xatirəsinə həsr olunmuş Şəmkir Super Turniri də var və orada hər il mötəbər qonaqlar iştirak edir. Biz gələn ildən FIDE-nin turnilərinə qatılmağı da müzakirə edirik. FIDE-nin qadınlar üzrə keçirilən “Qran pri” mərhələsində bir təqvim yeri boşdur. Bunu müzakirə edirik. Yaxın günlərdə bu barədə fikirlərimizi biləcəksiniz”.

Teymur MƏMMƏDOV
Foto: Fərid ŞABANOV