Trampın alacağı prezident maaşı bəlli oldu
    • 7-11-2024, 14:50
    • 265

Trampın alacağı prezident maaşı bəlli oldu

Rəqibi Kamala Harrisə seçkilərdə qalib gələrək ikinci dəfə ABŞ prezidenti seçilən Donald Tramp illik 400 min dollar maaş alacaq. Trampın əsas qazancının sosial mediadakı böyük paylaşımları və daşınmaz əmlak investisiyaları ilə davam edəcəyi bildirilir.

News24.az xəbər verir ki, o, sosial media şirkəti "Media & Technology Group"un səhmlərindən milyonlarla dollar qazanır. Trampa məxsus "Truth Social" platforması xüsusilə son aylarda sürətlə dəyər qazanıb. Şirkətin səhmlərinin qiyməti ilin əvvəlindən 100 faizdən çox artıb və təkcə son bir ayda 85 faiz dəyər qazanıb. Bu artımlar Trampın media şirkəti vasitəsilə ciddi sərvət qazana biləcəyini göstərir.

Trampın sərvəti ilə bağlı müxtəlif fikirlər var. "Bloomberg" nəşrinin məlumatına görə, Trampın sərvəti hazırda 6,49 milyard dollardır. "Forbes" keçən həftə bu məbləği 8 milyard dollar olaraq qiymətləndirib. "Wall Street Journal" isə bu rəqəmin daha yüksək olduğunu və Trampın sərvətinin 7,5 ilə 10 milyard dollar arasında ola biləcəyini açıqlayıb. Trampın əsas gəlir mənbəyi olan daşınmaz əmlak investisiyaları onun sərvətinin əsasını təşkil etməkdə davam edir.

Trampın media şirkətindəki 114,75 milyon səhminin ümumi dəyəri kağız üzərində kifayət qədər yüksəkdir. Lakin Florida Universitetinin maliyyə professoru Cey Ritterin sözlərinə görə, bu səhmlərin dəyəri seçki dövründə dəyişir. Hazırda onun hər bir səhmi təxminən 35 dollar dəyərindədir. Bu halda Trampın media səhmlərinin ümumi dəyəri təxminən 4 milyard dollar olaraq görülür. Lakin Tramp bu səhmləri nağdlaşdırmağa çalışarsa, o, bütün qazanc üçün kapital mənfəət vergisi ödəməli olacaq. Ritterin sözlərinə görə, vergi endirimlərindən sonra Trampın bu səhmlərdən əldə etdiyi xalis qazancı 800 milyon dollara qədər azala bilər.

Ekspertlərin fikrincə, Trampın prezident olması daşınmaz əmlak sektorundakı aktivlərinin dəyərini çox dəyişməyəcək. Bununla belə, Tramp media səhmlərinin dəyərinin qorunub saxlanılması və artırılması onun sərvətini qoruyub saxlaması üçün mühüm amil olacaq. 

"Tuttle Capital Management"in baş direktoru Metyu Tuttle “Fortune” nəşrinə verdiyi açıqlamada Tramp DJT səhmlərindən əhəmiyyətli qazanc əldə etdiyini deyib. Trampın mediaya yatırdığı investisiyaların dəyəri gələcəkdə həm bazarların, həm də ictimaiyyətin diqqətini çəkməyə davam edəcək.

Aynurə