-
- 8-11-2024, 14:53
- 361
"Qarabağ zəfəri regionda ədalətli geosiyasi nizam yaratdı" - Deputat
“44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun əldə etdiyi zəfər nəticəsində Cənubi Qafqazda yeni siyasi vəziyyət yarandı. Geopolitik güc balansının Azərbaycanın xeyrinə dəyişməsi bölgədə siyasi və iqtisadi maraqları olan güc mərkəzlərinin münasibətlərində də öz əksini tapdı. Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının böyük nəticələr göstərdiyini görən xarici dövlətlər başa düşdü ki, Cənubi Qafqazda davamlı sülhün təminatı məhz bu birlikdədir. Bakının dünyanın inkişaf etmiş dövlətlərinin, supergüclərin təzyiq və hədələrinə baxmayaraq 2020-ci il sentyabrın 27-də hərbi əməliyyatlara başlaması və xarici təzyiqlər altında bu əməliyyatları Zəfərə qədər davam etdirməsi Azərbaycanın "regional geopolitik alət" olmadığını, əksinə, diktə edən tərəf olduğunu göstərdi. 8 Noyabr Zəfərindən və Ermənistanın kapitulyasiya aktına imza atmasından sonra dünya dövlətləri nəticə ilə barışmağa məcbur oldu”.
Bunu “News24.az”a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.
Onun sözlərinə görə, müasir dövlətçilik tariximizin ən qürurverici hadisəsi olan şanlı Zəfərimiz heç də asanlıqla əldə olunmadı:
“Ulu Öndər Heydər Əliyev və cənab Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə torpaqlarımızın azad olunması üçün məqsədyönlü addımlar atıldı. Həm ölkə daxilində, həm də beynəlxalq miqyasda münaqişənin həllində müharibə variantının masa üzərində olduğu daim diqqətə çatdırıldı.
Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan hərb, informasiya və diplomatiya müstəvilərində üstünlüyü təmin etdi. Azərbaycan öz gücü hesabına separatizmə son qoydu, BMT-nin kağız üzərində qalmış qətnamələrinin icrasını təmin etdi. Bakı dünya miqyasında yeni nümunə ortaya qoydu, “münaqişənin sülh yolu ilə həllinin alternativi yoxdur” tezisinin bir sıra hallarda özünü doğrultmadığını sübut etdi. Təbii ki, biz yaxşı başa düşürdük ki, “münaqişənin hərbi yolla həlli yoxdur” deyən qüvvələr əslində Ermənistanın işğalçılıq siyasətinin nəticələrinin aradan qaldırılmasında maraqlı deyildilər, təcavüzkar dövlətə dəstək göstərirdilər".
Deputat qeyd edib ki, əldə olunan Zəfər regionda ədalətli geosiyasi nizam yaratdı, yeni təhlükəsizlik və əməkdaşlıq mühitini formalaşdırdı:
"Qələbəmiz sülh və etimad quruculuğunun həyata keçirilməsinə şərait yaratdı. Azərbaycan regionu konfrontasiya, böyük güclərin toqquşma mərkəzi olmaqdan xilas etdi. Kommunikasiyaların bərpası, yeni əməkdaşlıq platformalarının reallaşdırılması xarici dövlətlərə mühüm siyasi-iqtisadi üstünlüklər vəd edir. Ölkəmiz müasir beynəlxalq münasibətlər sistemində konstruktiv tərəfdaş kimi tanınır və yeni reallıqlar yaradaraq geostrateji mövqelərini daha da möhkəmləndirib. Zəfərdən sonra Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin, xarici şirkətlərin sayı artdı. Qələbə təkcə Azərbaycan üçün deyil, bölgədə yaşayan bütün xalqlar üçün yeni imkanlar yaradır. Regionda sülh və təhlükəsizliyi tam təmin etmədən iqtisadi inkişada, yüksək sosial rifaha nail olmaq mümkün deyil”.
M.Vəliyeva əlavə edib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaqviləsi imzalanarsa, regionda geopolitik və geoiqtisadi vəziyyət müsbətə doğru daha da dəyişəcək:
“Bakı beynəlxalq güclərin regiondakı proseslərdə həlledici qüvvə kimi çıxış etməsində maraqlı deyil. Bunu 44 günlük Vətən Müharibəsində, 2023-cü il sentyabrındakı antiterror əməliyyatlarında və hazırda Ermənistanla aparılan danışıqlarda aydın görürük. Azərbaycan ATƏT-in Minsk Qrupunu prosesdən uzaqlaşdırdı, Rusiya sülhməramlı qüvvələrin Qarabağda uzun müddət qalmasının qarşısını aldı. Dünyanın ən güclü dövlətlərinin regional planlarını pozaraq, öz milli maraqlarını həyata keçirmək heç də hər bir ölkənin bacara biləcəyi bir siyasət deyil.
Azərbaycanın əldə etdiyi tarixi Zəfərdən sonra Gürcüstan da özünün xarici siyasətində ciddi korrektələr etdi. Ölkənin bütünlüklə Qərb dövlətlərindən asılı vəziyyətə salmış, qonşularla münasibətlərini nizama sala bilməyən əvvəlki hökumətlərdən fərqli olaraq, Gürcüstanın hazırkı iqtidarı işğal altındakı ərazilərini geri qaytarmaq üçün öz səhvlərini aradan qaldırmaq istiqamətində addımlar atır. İrəvan isə 30 illik işğal siyasətinin doğurduğu acı nəticələrdən ibrət götürmək əvəzinə öz ağasını dəyişməklə məşğuldur.
Uzun müddət Kremlin forpostu olan Ermənistan indi də Qərbin sözəbaxan uşağı adını öz üzərində böyük fəxarətlə gəzdirir. Sözsüz ki, bəzi Qərb dövlətləri Orta Asiya ölkələrini Rusiya və Çinin təsiri altından çıxarmaq üçün yeni iqtisadi-ticari marşrutun yaradılmasını dəstəkləyirlər. Bu marşrut isə Orta Dəhlizdir.
Asiya ilə Avropanı birləşdirən trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin davamı olan Orta Dəhliz ideyası türk dünyasının beynəlxalq məkana inteqrasiyası deməkdir. 44 günlük Vətən müharibəsindən sonra Orta Asiya dövlətlərinin beynəlxalq iqtisadi layihələrdə iştirakına şərait yaranıb. Zəngəzur dəhlizi Orta Dəhlizin vacib bir hissəsi olacaq. Azərbaycan bu dəhliz boyunca istehsal sahələrinin, sənaye zolaqlarının, biznes imkanlarının yaradılmasını qarşısına məqsəd qoyub. Azərbaycan qonşu ölkələrlə əlaqələrini daha da möhkəmləndirmək, regionun hərtərəfli tərəqqisinə mühüm töhfələr vermək istəyir. Bölgədə yeni geopolitik vəziyyət yaradan Azərbaycan, təəssüf ki, bir sıra hallarda qarşı tərəf olan Ermənistandan əməkdaşlıq təkliflərinə qaneedici cavablar ala bilmir. Hesab edirəm ki, Ermənistan hakimiyyəti yaxşı fikirləşməlidir, yoxsa sonra gec ola bilər. Şahmat taxtasının gedişatı yenidir”.
Ağa