-
- Dünən, 23:57
- 91
Qorxulu “yuxu”ya çevrilən RİYAZİYYAT - Dərsliklər qəlizdir, yoxsa...
Riyaziyyat fənni şagirdlərin həmişə qorxulu “yuxu”su olub. Hər sinifdə demək olar ki, sadəcə 1-2 şagird bu fənni qavraya bilir. Valideynlərin də riyaziyyatla bağlı şikayətlərini tez-tez eşidirik. Hətta 5-ci sinifdən sonra valideynlər ev tapşırıqlarını anlamadıqlarını deyirlər. Müəllimlər isə bunun üçün müxtəlif arqumentlər gətirirlər.
Çoxluq bunun səbəbini fənn kitablarının qəlizliyində görür. Əvvəllər riyaziyyat fənnində tədris edilən cəbr və həndəsə ayrı kitablarda olurdusa, indi artıq riyaziyyatın bütün yönlərini bir kitabda cəmləşdirirlər. Valideynlər deyir ki, fənnin çətin olmasının səbəbi həm də kitablarla bağlıdır. Çünki həll yolları sadə dillə izah edilmir və ya anlaşıqsız olur. Bəzi cümlələri valideynlərin belə anlamadığı halda 11 yaşlı uşaqların anlamasını gözləmək çətindir.
Bəs şagirdlərin riyaziyyatı qavramaqda çətinlik çəkməsinin səbəbləri nələrdir?
Təhsil eksperti Elmin Nurizadə Bizim.Media-ya açıqlamasında səbəbin müəllimlərin dərs metodunda olduğunu deyib.
“Təəssüf ki, indi məktəblərdə nəinki riyaziyyat, hətta humanitar elmlərin qavranılmasında da çətinliklər artıb. Buraxılış imtahanının nəticələri bunu deməyə əsas verir. İndi texnologiyanın inkişaf etdiyi dövrdür. Müəllimlər müxtəlif metodlarla uşaqlara dərsi aşılaya bilər. Bu metodları öyrənmək üçün internet resurslarından istifadə etmək kifayətdir. Müəllimlər bəzən deyirlər ki, çətin uşaqlar var, onları öyrətmək olmur və ya “şagird çoxdur, öyrətmək çətindir” kimi bəhanələr eşidirik. Pedaqoq uşaq sayından asılı olmadan verilən mövzunu tədris etməyi bacarmalıdır”.
Maraqsız, qəliz tədris metodu, laqeyd yanaşmalar...
Həm də riyaziyyat fənni uşaqlara hər zaman “ən çətin” fənn kimi təqdim olunub. Bu da onlarda qorxu yaradır və nə etsələr də, proqramı qavraya bilməyəcəklərini düşünürlər. Bundan başqa müəllimlərin tədrisi müşahidə etsək görərik ki, fərdi yanaşma yoxdur. Əgər hansısa şagird mövzunu başa düşmürsə, müəllim ona vaxt ayırıb izah etmək istəmir. Halbuki, müəllim bir sinifdəki hər şagirdin biliyinə görə məsuliyyət daşıyır.
Baza biliklərinin zəifliyi də yuxarı siniflərdə riyaziyyatı daha anlaşıqsız edə bilər. İbtidai siniflərdə ilkin anlayışlar daha korrekt formada uşaqlara tədris edilməlidir. Tədris metodlarına gəldikdə isə, Azərbaycan məktəblərində hələ də ənənəvi üsullardan istifadə olunur. Bütün dünyada süni intelektdən tədris metodlarını sadələşdirmək və aktivləşdirmək üçün istifadə olunur. Bizdə isə lövhədə bir-iki misal, məsələnin həllini göstərməklə tədris prosesi başa çatır...