Kommunal ödənişlərdə yenilik: Proses sadələşdirildi
Sosial
Son dövrlərdə vətəndaşlar arasında “Azəriqaz” İstehsalat Birliyi tərəfindən istismara verilən smart tipli qaz sayğacları ilə bağlı narazılıqlar gündəmə gəlib. Sosial şəbəkə platformalarında yayılan məlumatlara görə, bu sayğaclarda balansın artırılması prosesi bir çox istifadəçi üçün çətin və anlaşılmaz görünür. Xüsusilə ödəniş mexanizminin mürəkkəbliyi, texniki problemlər və istifadə qaydaları ilə bağlı yetərli məlumatın olmaması vətəndaş narahatlığını artıran əsas səbəblərdən biri kimi qeyd olunur.
Maraqlıdır, bu sayğacların dəyişdirilməsi nəzərdə tutulurmu?
Məsələ ilə bağlı News24.az-a açıqlama verən “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiya şöbəsinin əməkdaşı Novruz Məmmədzadə bildirib ki, 2020-ci ildən istifadəyə verilmiş smartkart tipli qaz sayğaclarında texniki proseslər mümkün qədər sadələşdirilib və abonentlərin rahatlığı prioritet olaraq nəzərə alınıb:
"Abonentlərin kartı yükləmək üçün artıq heç bir xidmət bölməsinə və ya xüsusi mərkəzlərə müraciət etmələrinə ehtiyac yoxdur. Kartı yalnız qaz sayğacına yaxınlaşdırmaq kifayətdir və balans dərhal sayğaca ötürülür. Bu, istifadəçilər üçün prosesi asanlaşdırır və vaxt itkisini aradan qaldırır. Eyni zamanda, əvvəllər mövcud olan 190 anlayışı ləğv edilib və digər texniki və əməliyyat prosedurları abonentlər üçün daha sadə və rahat formada təşkil olunub".
O əlavə edib ki, “Azəriqaz” smartkart tipli qaz sayğaclarının artıq sifarişini qəbul etmir və yeni sifariş verilən “Smart”, yəni ağıllı tipli sayğaclarda bütün proseslər müasir tələblərə uyğunlaşdırılıb:
“Yeni ağıllı sayğaclarda balansın artırılması, ödəniş və digər əməliyyatlar maksimum dərəcədə sadələşdirilib. Bu da abonentlər üçün istifadənin daha rahat və əlçatan olmasına imkan yaradır. Biz çalışırıq ki, hər bir vətəndaş qaz sərfiyyatını rahat izləyə bilsin və əlavə çətinliklərlə üzləşməsin”.