DUZLA NAR - Zərərli bildiyimiz bu cütlüyün möcüzəvi faydaları
    • 29-11-2024, 23:09
    • 347

DUZLA NAR - Zərərli bildiyimiz bu cütlüyün möcüzəvi faydaları

Payız-qış mövsümünün ən çox istehlak edilən meyvəsi nar ayrılıqda şəfa mənbəyi olmaqla duzla qarışdıqda insan sağlamlığına daha möcüzəvi faydalar verir. Çoxları duzlu narın ziyanlı olduğunu düşünsə də, araşdırmalar bunun yanlış olduğunu təsdiqləyib. 

News24.az Pravda.az-a istinadla xəbər verir ki, güclü antioksidant xüsusiyyətlərə malik olan nar duzla birlikdə immunitet sistemini gücləndirməklə yanaşı, orqanizmi toksinlərdən təmizləyir. 

Duz orqanizmin ehtiyac duyduğu elektrolit balansını saxlamağa, nar isə bu tarazlığın qurulmasına kömək edir. 

Həm duz, həm də nar mədə turşusunun tənzimlənməsinə səbəb olur. Beləliklə, həzmi asanlaşdırır. Nar qidalandırıcı liflərlə də zəngin olduğu üçün həzm sistemini, xüsusən də bağırsaqları stimullaşdırır. Duz natriumla, nar isə kaliumla zəngindir, bu səbəbdən duzlu nar orqanizmin ehtiyac duyduğu kalium və natriumu balanslaşdırır. Bu isə xüsusilə əzələ, sümük və ürək sağlamlığına müsbət təsir göstərə bilər. Həm kalium, həm də natriumun orta və balanslı istehlakı sayəsində duzlu nar qan təzyiqini tarazlaşdırmağa kömək edir, lakin duzdan az miqdarda istifadə etmək vacibdir. Duzlu nar həmçinin aşağı kalorili qəlyanaltı olduğu üçün arıqlamaq istəyənlərə alternativ seçimdir. 

Hər cür təbii qidanın faydalı olduğu qədər zərərli tərəfləri də mütləq olur. 

Duzlu narı istehlak edərkən narın təzə olmasına diqqət etməli, az miqdarda duzla qarışdırmalısınız. Unutmamalısınız ki, həddindən artıq duz qəbulu qan təzyiqi başda olmaqla bir çox nöqtədə sağlamlığınıza mənfi təsir göstərə bilər. Ağır, xroniki xəstəliyi, xüsusən də, təzyiqi olanlar bu qarışığı yeməməlidirlər. Duzlu narın həddindən artıq istehlakı qaz, şişkinlik və ürəkbulanma kimi yan təsirlərə səbəb ola bilər. Bu səbəbdən onu normada istehlak etməlisiniz. Duzlu nar həmçinin bəzi insanlarda allergik reaksiyalara səbəb ola bilər. Nar təbii şəkər ehtiva edən bir meyvə olduğu üçün onu ölçülü istehlak etməli, qan şəkərinizlə bağlı probleminiz varsa, həkiminizlə məsləhətləşməlisiniz. Nəzərə alın ki, bəzi dərmanlarla qarşılıqlı təsir göstərə biləcəyi üçün müntəzəm olaraq dərman qəbul edənlərin həkimə müraciət etmədən duzlu nar yemələri tövsiyə edilmir.