Bu evləri qətiyyən almayın!
    • Dünən, 22:34
    • 346

Bu evləri qətiyyən almayın!

Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Abşeron rayonunun Masazır qəsəbəsində fərdi yaşayış evində baş verən uçqun nəticəsində 1 nəfər ölüb, 2 nəfər ağır xəsarət alıb.
Ümumiyyətlə, fərdi yaşayış evlərinin uçması, çökməsi kimi hadisələr zaman-zaman baş verir.Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev TNS-ə belə hadisələrin baş verməsinin səbəblərini açıqlayıb.Ekspert bildirib ki, hazırda Abşeronun müəyyən ərazilərində, Bakı kəndlərində ucuz qiymətə fərdi yaşayış evləri satışa çıxarılır: “Bəzən araşdırma aparanda görürük ki, həmin evlərin qiyməti maya dəyərindən xeyli aşağıdır. Tikintinin aparıldığı torpaq sahəsinin, istifadə olunan materialların qiymətini hesabladıqda satış qiymətindən yüksək olduğu ortaya çıxır. Yəni vətəndaşın torpaq alıb, ev tikməsi eyni ölçüdə hazır fərdi yaşayış evi almasından daha baha başa gəlir”.Onun sözlərinə görə, bunların səbəbini araşdırdıqda maraqlı faktlar ortaya çıxıb: “Bir zamanlar bataqlıqlar, gölməçələr olan sonradan qurudu. Müəyyən sahibkarlar keçmişdə bataqlıq olan ərazilərdə ev tikib, satmağa başladılar.Halbuki, hər hansı tikinti apararkən torpağn müayinəsi aparılmalı, bərkliyi, yumşaqlığı ölçülməlidir. Bundan sonra torpağın bərkliyi nəzərə alınaraq, ona uyğun bünövrə işləri görülməli, ən sonda tikinti aparılmalıdır. Normativlər bunu tələb edir.Amma biz bu tip evlərə nəzər salsaq, çoxunun heç bünövrəsi də yoxdur. Düz torpağın üstünə daş düzülərək tikinti aparılıb.

Daha bir məsələ, evlərin tikintisi zamanı istifadə olunan materialların keyfiyyəti ilə bağlıdır. Ucuz tikinti materiallarından istifadə edilir. Belə evləri tikib satanlar Bakıda söküntülərdən çıxan, yararlılıq müddəti bitmiş materialları toplayıb, onlardan istifadə edirlər. Belə olduqda evlərin maya dəyəri xeyli aşağı olur”.Ekspert vətəndaşlara tövsiyə edib ki, həyət evlərini isti yox, soyuq fəsillərdə alsınlar: “Həyət evlərinə daha çox yayda tələbat artır. Tələbat artdığı üçün qiymət də yüksəlir. İsti havalarda evlərdəki qüsurları görmək asan deyil.Yaxşı olar ki, vətəndaşlar belə evləri qış aylarında alsınlar. Çünki soyuq aylarda keyfiyyətdəki problem, divarlardakı  nəmlik, evin damması və s. qüsurlar ortaya çıxır.

Fərdi yaşayış evi alınarkən, yenisinə yox, daha əvvəl yaşayış olan mənzillərə üstünlük verilməlidir. Çünki yaşayış olan evlərdəki qüsur varsa, daha tez ortaya çıxır. Bu qüsurları görmək daha asanlaşır.Daha bir problem belə evlərin bir-birinə çox yaxın tikilməsidir. Bu, tikinti normativlərinə uyğun deyil. Normativə əsasən, torpaq sahəsində müəyyən kvadratmetr ölçüdə tikinti aparmaq olar. Yəni, mövcud torpaq sahəsinin 40 faizi üzərində tikinti aparmaq mümkündür, 60 faizi boş qalmalıdır.Normativ pozulubsa, gələcəkdə həmin evlərə çıxarışın verilməsində problem olacaq.Təsəvvür edin, bir evdə yanğın baş versə, qısa müddətdə digər mənzillərə də keçəcək. Təhlükəsizlik məsələlərinə diqqət yetirmək lazımdır.  Yaxşı olar ki, vətəndaşlar evi almadan peşəkar ustalara müraciət etsinlər, materiallar, bünövrə yoxlanılsın. Bundan başqa, sənədlərə diqqət edilməlidir. Ucuz evlər sənədsiz satılır ki, bu da gələcəkdə problem olur”.