Suriyada yerli əhali Bəşər Əsədin atasının heykəlini sökdü
    • 6-12-2024, 13:49
    • 137

Suriyada yerli əhali Bəşər Əsədin atasının heykəlini sökdü

Suriyanın Həma əyalətinin sakinləri Suriya prezidenti Bəşər Əsədin atası Hafiz Əsədin heykəlini söküblər.

News24.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Qeyd edək ki, 1982-ci ilin fevralında o dövrün Suriya prezidenti Hafiz Əsəd “Müsəlman Qardaşları” hərəkatına qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb və bu əməliyyat kütləvi qan tökülməsinə çevrilib və bu əməliyyat zamanı ən azı 30 min dinc sakin həlak olub.

Bundan əlavə, rejim tərəfindən saxlanılan ən azı 17 min mülki şəxsin taleyi ilə bağlı hələ heç nə məlum deyil.

Hərbi əməliyyatlar zamanı 88 məscid, üç kilsə və bir çox tarixi abidəni dağıdılıb.

Xatırladaq ki, Hələb vilayətinin şimalında noyabrın 27-də Bəşər Əsəd rejiminin qüvvələri ilə rejimə müxalif silahlı qruplar arasında toqquşmalar başlayıb.

Noyabrın 30-da rejim müxalifləri Hələb şəhərinin mərkəzinin çox hissəsini nəzarətə götürüb, həmçinin bütün İdlib vilayətinin ərazisinə tam nəzarəti ələ keçiriblər.

Dekabrın 5-də şiddətli döyüşlərdən sonra müxalif qüvvələr Həmanın mərkəzini rejim qüvvələrindən geri alıblar.

Dekabrın 1-də Hələbin kənd yerlərində Suriya Milli Ordusunun PKK/YPG terror təşkilatına qarşı başlatdığı “Azadlıq şəfəqi” əməliyyatı zamanı Tel Rıfat terrorçulardan azad edilib.

Aynurə