-
- 10-12-2024, 21:24
- 89
Avropada casus qalmaqalı
Məxfi sənədlər Rusiyaya BELƏ SIZDIRILIB
Niderlandın dünyaca məşhur ASML şirkətində çalışan bir Rusiya vətəndaşının illərlə şirkətin məxfi sənədlərini oğurlayıb ölkəsinə ötürdüyü üzə çıxıb.
News24.az musavat.com-a istinadən xəbər verir ki, ASML mikroçiplərin istehsalı üçün yüksək dəqiqlikli avadanlıqların ən böyük təchizatçılarından biri hesab olunur və məhsulları müasir texnologiya sənayesinin əsasını təşkil edir.
Həmin şəxsə qarşı irəli sürülən ittihamlara görə, o, ASML və "Mapper Lithography" şirkətlərindən sənədləri qanunsuz olaraq əldə edib və sistematik şəkildə Rusiyadakı müştərilərə satıb.
Məlumata görə, mühəndis Rusiyada təhsil alıb, orada texnoloji şirkətlərdə işləyib. 2015-ci ildən sonra Niderlandın Delft şəhərində yerləşən "Mapper Lithography" startapında çalışıb. Bu şirkət yarımkeçirici sənaye üçün məhsullar hazırlayıb. 2018-ci ildə "Mapper" iflas edib, onun texnologiyaları və işçiləri ASML şirkətinə keçib. Mühəndisin bir neçə yarımkeçirici məhsul üzərində öz adına olan patentləri var.
Araşdırmalar nəticəsində məlum olub ki, bu sızdırılan məlumatlar Rusiyanın mikroelektronika sənayesinə böyük dəstək olub.
Ekspertlər bunun Rusiya texnologiya sektorunun beynəlxalq sanksiyalara baxmayaraq ayaqda qalmasına ciddi təsir göstərdiyini vurğulayırlar.
Sənədlərin içərisində ASML şirkətinin müasir litoqrafiya texnologiyası, mikrosxemlərin istehsal prosesinə dair kritik məlumatlar olduğu ehtimal edilir.
Şirkət məsələ ilə bağlı geniş açıqlama verməsə də, hadisənin böyük bir casusluq əməliyyatının bir hissəsi ola biləcəyini bildirib.