Elektron Hökumət üzrə İcra Qrupunun ikinci görüşü keçirilib
    • 10-07-2019, 11:52
    • 963

Elektron Hökumət üzrə İcra Qrupunun ikinci görüşü keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Elektron Hökumət üzrə İcra Qrupunun ikinci görüşü keçirilib.

News24.az
-ın məlumatına görəı, 55 müxtəlif qurumun nümayəndəsinin iştirak etdiyi tədbir dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması, idarə olunması və qarşılıqlı inteqrasiyasının təmin edilməsi sahəsində vahid yanaşmanın və standartların tətbiq olunması, rəqəmsal hökumətə keçid prosesinin sürətləndirilməsi və effektiv əlaqələndirmənin təmin edilməsi məqsədilə təşkil olunub.
Dövlət Agentliyinin sədr müavini, İcra Qrupunun rəhbəri Ceyhun Salmanov açılış nitqi ilə çıxış edərək informasiya kommunikasiya texnologiyaları sahəsində inkişaf trendləri, e-hökumət idarəçiliyi üzrə əməkdaşlıq və əlaqələndirilmiş işin əhəmiyyəti, o cümlədən İcra Qrupu üzrə qarşıya qoyulmuş vəzifələr və əldə edilmiş nəticələr barədə məlumat verib.

Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova müvafiq sahədə birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb. 
Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə vətəndaş məlumatlarının “myGov” elektron kabinetində təqdim edilməsi və xidmətlərin proaktiv təşkili ilə bağlı görülmüş işlərdən və gələcək planlardan danışıb. 
Görüş müxtəlif panellərlə davam edib. Həmçinin Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Dövlət Agentliyinin idarə rəisi Tural Məmmədov “Elektron hökumətdə təhlükəsizlik” mövzusunda təqdimatla çıxış edib.

“Cari layihələr və myGov portalı” mövzusunda təqdimatla çıxış edən “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin direktoru Fariz Cəfərov elektron hökumət sahəsindəki yeniliklər, həyata keçirilən, dəstək verilən innovativ layihələr, Elektron Hökumət İnformasiya Sisteminin fəaliyyəti, reaktiv xidmətlərdən proaktiv xidmətlərə keçid prosesi barədə iştirakçılara məlumat verib.

Tədbirdə “Digital Azərbaycan” layihəsi və ilkin mənbə məlumatları barədə müzakirələr aparılıb, Mərkəzləşmiş Elektron Sənəd dövriyyəsi Sistemi təqdim olunub. 
İkinci hissədə “Dövlət idarəçiliyində blockchain texnologiyasının tətbiqi” mövzusunda hakaton təşkil olunub. Dövlət qurumlarının nümayəndələrindən formalaşdırılmış 6 komanda 3 saat ərzində müxtəlif sahələrdə blockchain texnologiyasının tətbiqi üzrə təkliflər formalaşdırıb. Hakaton nəticələrin təqdimatı və mükafatlandırma mərasimi ilə yekunlaşıb. 

Sonda iştirakçılar arasında ünsiyyət və komanda ruhunun yaradılması məqsədilə sərbəst vaxt təşkil edilib.