Azərbaycan və Türkiyə arasında ilk dəfə e-hökumət sahəsində Niyyət Protokolu İMZALANIB
    • 24-06-2019, 17:15
    • 926

Azərbaycan və Türkiyə arasında ilk dəfə e-hökumət sahəsində Niyyət Protokolu İMZALANIB

Azərbaycan və Türkiyə dövlət xidmətləri və e-hökumət sahəsində əməkdaşlıq edəcək.

News24.az-ın xəbərinə görə, Bakıda təşkil olunan BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Türkiyə Respublikası Nəqliyyat və İnfrastruktur Nazirliyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi arasında dövlət xidmətlərinin göstərilməsi və e-hökumət sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu imzalanıb.

Niyyət Protokolu çərçivəsində dövlət xidmətlərinin göstərilməsi və e-hökumət sahəsində əməkdaşlığı və təcrübə mübadiləsini təşviq etmək üçün tərəfdaş qurumlar arasında bacarıqların artırılması, o cümlədən qabaqcıl təcrübələrin paylaşılması, mütəxəssislərin mübadiləsi və birgə araşdırmaların aparılması nəzərdə tutulur. Həmçinin ekspert məsləhətləşmələri və texniki yardımın, təhsil proqramları, təlimlər, ixtisaslaşdırılmış kurslar və digər vasitələrlə insan resursları bacarıqlarının artırılması məsələləri həyata keçiriləcək.

Memorandumu imzalayan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mediaya açıqlamasında bildirib ki, hazırda keçirilən forumda iki qardaş ölkə dövlət xidmətləri sahəsində memorandum imzalayır: "Memorandum əsasən üç istiqamətdə öz əksini tapacaq. Əvvəlcə məlumat verim ki, tərəf müqabillərim Türkiyə Respublikası Nəqliyyat və İnfrastruktur Nazirliyi və Tük Əməkdaşlıq və Koordinasiya Agentliyidir. Türkiyə və Azərbaycanın dövlət xidmətləri modellərinin üçüncü ölkədə tətbiqi, dövlət xidmətləri sahəsində ASAN xidmət modeli hansı ki, 10- a yaxın ayrı- ayrı dövlətlərlə saziş imzalayıb, həmçinin Türkiyə ilə Azərbaycan arasında elektron xidmətlərin sahəsində əldə olunmuş təcrübələrin mübadiləsi və elektron xidmətlər sahəsində Türkiyə və Azərbaycan arasında əldə olunan təcrübələrin mübadiləsini özündə əks etdirir. Yəni bu üç istiqamətdə üç komponent üzrə anlaşma memorandumu imzalayırıq".

Afaq Mirayiq