-
- Bu gün, 00:51
- 88
Bu il itirdiyimiz tanınmışlar - Müğənnilər, aktyorlar, eks-deputatlar, alimlər - SİYAHI
2024-cü il başa çatır. Bu il Azərbaycanın ictimai-siyasi, elm və təhsil, tibb, mədəniyyət sahəsində itirdiyimiz xeyli tanınmış insanlar olub.
News24.az modern.az-a istinadla bildirir ki, saytı bu il dünyasını dəyişən tanınmış simaların siyahısını hazırlayıb.
2024-cü ilin əvvəli mədəniyyət sahəsi üçün pis başladı. Məşhur müğənni, Əməkdar artist Aygün Hümmətova (Bəylər) yanvar ayının 7-də Türkiyənin paytaxtı Ankara şəhərində dünyasını dəyişdi. 48 yaşlı sənətkar uzun müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Yanvar ayı görkəmli yazıçı Çingiz Hüseynovun vəfatı ilə də yadda qaldı. 94 yaşında dünyasını dəyişən yazıçı həm də tənqidçi, ədəbiyyatşünas və tərcüməçi idi. O, əsərlərini iki dildə - Azərbaycan və rus dillərində yazıb. Qeyd edək ki, Ç. Hüseynov İsraildə yaşayırdı.
Tanınmış qarmon ifaçısı, Əməkdar artist Gülbahar Şükürlü də yanvarda vəfat edib. 62 yaşlı tanınmış qarmon ifaçısı xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Əməkdar artist Niftulla Əsgərov uzun sürən xəstəlikdən sonra 2024-cü ilin yanvarında vəfat edib. Niftulla Əsgərov 1995-ci ildən Lənkəran Dövlət Dram Teatrının aktyoru kimi çalışıb. O, teatrla paralel olaraq "My name is İntiqam", "My name is İntiqam 2", "Bayram axşamı", "Bığ əhvalatı", "Vəziyyət rusca", "Elçilik" və başqa filmlərdə, "Bizim Əhməd haradadır?", "Xalxın evi" və s. seriallarında aktyor kimi çəkilib.
“Sehrli xalat” filmində baş rolun – Rəşid obrazının ifaçısı Azər Qurbanov da yanvarda itirdiyimiz tanınmışlardandır. Ömrünün son 30 ilini ABŞ-da yaşayan Azər Qurbanov ağır xəstəlikdən nəticəsində dünyasını dəyişib. Sovet dövrü uşaqlarının pərəstiş etdiyi aktyor Azər Qurbanov 1992-ci ildən ABŞ-ın Nyu-Cersi ştatının Şort-Hills şəhərciyində yaşayırdı. Aktyor hələ 1957-ci ildə, 7 yaşında ikən "Bir məhəllədən iki nəfər" filmində debüt etmişdi. Sonra "Əcnəbi qız" (1965), "Bizim oynadığımız dənizdə" (1967), ilk sovet-yuqoslav birgə filmi olan "Mavi quş, yolun açıq olsun" (1967) filmlərində rol alıb. Lakin ən yaddaqalan rolu "Sehrli xalat" (1964) filmindəki pioner Rəşid obrazı olub.
Tanınmış alim - filoloq, ədəbiyyat tariximizin tədqiqatçısı, mətnşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, professor Paşa Kərimov ömürünün 65-ci ilində vəfat edib. Qeyd edək ki, Paşa Kərimov məşhur şair Əli Kərimin oğludur. O, “Tərəqqi” medallı alim idi.
Xalq yazıçısı Mövlud Süleymanlı da bu il itirdiyimi tanınmışlar siyahısında yer alır. O, 81 yaşında bu dünya ilə vidalaşıb. Mərhumun “Köç”, “Ceviz qurdu”, “Səs” romanları çağdaş Azərbaycan romançılığının inkşafında bir pillədir.
Fevral ayında tanınmış ictimai xadim, şair-publisist və tədqiqatçı Gülhüseyn Kazımlı vəfat edib. O,50 ildən çox idi ki, yaradıcılıq fəaliyyəti ilə məşğul olurdu. Buraya publisistik əsərlər, şeirlər, ssenarilər daxildir. 50 illik yaradıcılıq fəaliyyəti dövründə 15-dən çox kitaba müəlliflik edib. G.Kazımlı Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Bülbülcan, unudulmaz qarmon ifaçısı Kor Əhəd haqqında kitablara imza atıb. Mərhum görkəmli muğam ifaçıları haqqında radiooçerklərin müəllifi kimi də tanınırdı.
Tibb elmləri üzrə fəlsəfə doktoru, uzun illər tibb müəssisələrində rəhbər vəzifələrdə çalışmış Leyla Seyidbəyova 2024-də vəfat edib. L.Seyidbəyova uzun müddət Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru vəzifəsində çalışıb. O, son olaraq 7 saylı doğum evində baş həkim vəzifəsini tutub və 2022-ci ildə yaşla əlaqədar təqaüdə çıxıb.
Aktrisa Naibə Əlibəyova da bu il vəfat edən tanınmış simalardandır. Mərhum Yasamal qəbiristanlığında torpağa tapşırılıb. N.Əlibəyova daha çox “Bəyin oğurlanması” filmindəki Gülbadam rolu ilə tanınıb. O, uzun müddət idi ki, onkoloji xəstəlikdən əziyyət çəkirdi.
Tanınmış müğənni, Əməkdar artist Sahibə Əhmədova mart ayında vəfat edib. İfaçı xərçəng xəstəliyindən dünyasını dəyişib. Müğənni "Şah İsmayıl" operasında Ərəbzəngi rolunun əvəzsiz ifaçısı kimi şöhrət qazanıb. O bir zamanlar oxuduğu muğam və xalq mahnıları ilə məşhurlaşmışdı.
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının nəzdində fəaliyyət göstərən İslamşünaslıq elmi-tədqiqat mərkəzinin direktoru, professor Əsədulla Qurbanov da bu il vəfat edib.
Əsədulla Qurbanov 1992-ci ilin 16 oktyabrında Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək onu Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən 91 nəfər ziyalıdan – “91-lər”dən biri idi.
Mart ayı həm də teatr və kino aktyoru, Əməkdar artist Rahib Əliyevin vəfatı ilə yadda qaldı. O, Gənc Tamaşaçılar Teatrının səhnəsində 70-dən artıq obraz yaradıb. Bundan başqa o, 20-dək filmdə, o cümlədən "Fəryad" filmində çəkilib Aprel ayında Milli Məclisin sabiq deputatı Hadı Rəcəbli vəfat edib. 1947-ci ildə Lənkəranda anadan olan Hadı Rəcəbli I-V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı (1995-2020-ci illər), Əmək və Sosial Siyasət Komitəsinin sədri olub.
Müğənni, Əməkdar artist Cavanşir Məmmədov da aprelə dünyasını dəyişib. Onun ölüm səbəbinin ürəktutması olduğu bildirilib. Cavanşir Məmmədov 1973-cü ildən qarmonda ifa etməklə sənətə gəlib. 1987-cü ildən isə qarmon çalmağa son qoyaraq, müğənni kimi fəaliyyət göstərməyə başlayıb. 2005-ci ildə ona “Əməkdar artist” fəxri adı verilib.
Azərbaycanın ilk İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova apreldə vəfat edib. 87 yaşında dünyasını dəyişən E.Süleumanova 2002-2019-cu illərdə Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili vəzifəsini tutub. O, "Şöhrət" və “Şərəf” ordeni ilə təltif edilib.
Azərbaycan Respublikasının sabiq müdafiə naziri Dadaş Rzayev 2024-ün may ayında vəfat edib. Gneral-mayor Rzayev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. 1993-cü ildə cəmi 4 ay Azərbaycan Respublikasının müdafiə naziri vəzifəsində çalışıb. 2014-cü ildə Azərbaycan Respublikası Veteranlar Şurasının sədri seçilib. 2015-ci ildə isə "Azərbaycan Respublikasının ictimai həyatındakı səmərəli fəaliyyətinə və gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə" "Şöhrət" ordeni ilə təltif edilib.
İyun ayında Milli Məclisin Cəlilabad rayonundan olan keçmiş deputatı Mirkazım Kazımov uzun sürən xəstəlikdən sonra vəfat edib. O, 1996-cı ildən "Qasid" Açıq Səhmdar Cəmiyyətinin sədri postunu tutub. İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
İyul ayı Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzəyevin vəfatı ilə yadda qalıb. Mərhum uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. S.Mirzəyev 1992-ci ildən Milli Məclis Aparatında işləyib. Ali Sovet Katibliyinin hüquq təminatı və nəzarəti şöbəsinin müdiri, katibliyin rəisi, baş katibi, Milli Məclis Katibliyinin rəhbəri olub. 6 fevral 1997-ci ildən isə Milli Məclis Aparatının rəhbəri olub. İki il öncə Milli Məclisin Aparat rəhbəri vəzifəsindən azad edilib. O, son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Avqustda tanınmış məhkəmə hakimi, Məhkəmə Hüquq Şurasının keçmiş üzvü Mansur İbayev dünyasını dəyişib. Bir çox səs-küylü məhkəmələrə hakimlik edən M.İbayev 1964-cü ildən məhkəmə orqanlarında işləməyə başlayıb. Qubadlı, Ağdaş, Göyçay rayonlarında məhkəmə sədri, 1976-cı ildən 2000-ci ilə qədər Ali Məhkəmənin üzvü, 2000-ci ildən 2012-ci ilə kimi Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hakimi, eyni zamanda Məhkəmə Hüquq Şurasının və Mərkəzi Seçki Komissiyasının üzvü vəzifələrində işləyib.
Xocalı soyqırımı zamanı rayonun prokuroru işləmiş Atakişi Atakişiyev də avqustda dünyasını dəyişib. 40 ilə yaxın prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləmiş A.Atakişiyev Xocalının prokuroru kimi məşhurlaşmışdı. Üç ilə yaxın Xocalının prokuroru işləmiş Atakişi Atakişiyev soyqırımıdan bir neçə gün əvvəl o vaxtkı dövlət rəhbəri Ayaz Mütəllibova vurduğu teleqramla gündəmə gəlmişdi.
Avqust ayı həm də tarixçi-professor Nəsiman Yaqublu Zəngilandan qayıdarkən qəzaya düşməsi və həlak olması ilə yadda qaldı. Bakı Dövlət Universitetində müəllim işləyən professor Zəngilan-Qubadlı dairəsindən deputatlığa namizəd idi. O, Zəngilandan seçicilərlə görüşdən qayıdırkən Cəbrayıl rayonu ərazisində sürücü Nəsiman Yaqublu "Nissan" markalı avtomibillə hərəkətdə olan zaman idarəetməni itirərək maşını yol kənarına aşırıb. N.Yaqublu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. Tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Azərbaycanın Əməkdar artisti, xanəndə Kifayət Gəncəli bu il itirdiyimiz tanınmışlardandır. O, ürək çatışmazlığı səbəbilə vəfat edib. Mərhum Gəncə şəhərində torpağa tapşırılıb. Xanəndənin Azərbaycan Televiziyasının Qızıl fondunda 300-ə yaxın səs yazısı qorunub saxlanılır.
Tanınmış dramaturq və tərcüməçi Vaqif Əlixanlı bu il 81 yaşında dünyasını dəyişib. V.Əlixanlı Sovet İttifaqı illərində Mədəniyyət Nazirliyində və AzTV-də müxtəlif vəzifələrdə çalışıb. O, müstəqillik illərində “Space”, ABA, “Lider” və ANS TV-də baş redaktor vəzifəsində işləyib. 2013-cü ildən 2021-ci ilədək isə Yazıçılar Birliyinin orqanı olan “Qobustan” incəsənət jurnalının baş redaktoru olub.
“Bakı Metropoliteni”nin sabiq rəisi Tağı Əhmədov oktyabr ayında vəfat edib. Tağı Əhmədov 1998–2014-cü illərdə “Bakı Metropoliteni” QSC-yə rəhbərlik edib. O, 2022-ci ilədək Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri olub. YAP İdarə Heyətinin 10 oktyabr 2021-ci il tarixində keçirilən iclasında partiyanın Veteranlar Şurasına üzv seçilib.
Sabirabad rayon İcra Hakimiyyətinin keçmiş başçısı, sabiq deputat Səmayə Piriyeva da bu il vəfat edib. 79 yaşlı Səmayə Piriyeva uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. S.Piriyeva 1999-2000-ci illərdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. O, I çağırış Milli Məclisin (1995-2000) 94 saylı Hacıqabul–Salyan seçki dairəsindən deputatı olub.