Ermənistanın Xəzərlə bağlı planı: Mirzoyan açıqladı
    • Bu gün, 13:39
    • 180

Ermənistanın Xəzərlə bağlı planı: Mirzoyan açıqladı

Ermənistan və Türkiyə Gümrü-Qars dəmir yolu xətti ilə sərhəd keçidini təmin etmək üçün texniki tələbləri birgə qiymətləndirmək barədə razılığa gəlib.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib.

“Artıq Ermənistan və Türkiyə Gümrü-Qars dəmir yolu ilə sərhəd keçidini təmin etmək üçün texniki tələbləri birgə qiymətləndirmək barədə razılığa gəlib. Həmçinin biz Azərbaycana dəmir yolu infrastrukturunun yenidən işə salınması, sərhəd-keçid və gömrük prosedurlarının sadələşdirilməsi, bəzi əlavə təhlükəsizlik mexanizmlərinin təmin edilməsi yollarını təklif etmişik”, - nazir deyib.

Mirzoyan Ermənistanın qonşuları Azərbaycan və Türkiyə ilə əməkdaşlıq və sülhdə maraqlı olduğunu iddia edib:

“Ermənistan hökuməti arzuolunan sülh, təhlükəsizlik, sabitlik və əməkdaşlıq məqsədlərinə nail olmaq üçün səylərini davam etdirmək əzmindədir, davamlı və səmimi dialoq mövcud ziddiyyətləri aradan qaldırmaq və ölkələrimiz arasında əməkdaşlıq, inkişaf və firavanlığa nail olmaq, ticari-iqtisadi əlaqələrin bərpası, o cümlədən regional təşəbbüs və layihələrdə inklüzivliyin təmin edilməsi üçün əsas ilkin şərtlərdir.

Kövrək geosiyasi vəziyyət fonunda bizə enerji, nəqliyyat və ticarət kimi sahələrdə ümumi maraqlara əsaslanan praqmatik ticarət razılaşmaları yaratmağa imkan verəcək iqtisadi əlaqəni təkmilləşdirməyə həmişəkindən daha çox ehtiyacımız var. Regional dialoq qarşılıqlı faydalı əməkdaşlığın açarıdır”.

Bu kontekstdə İrəvanın nəqliyyat dəhlizləri ilə bağlı “Sülh qovşağı” layihəsindən danışan Mirzoyan qeyd edib ki, bu, bir çox istiqamətlərdə regional əməkdaşlığı inkişaf etdirmək potensialına malikdir, Bəsrə körfəzi, Qara və Xəzər dənizlərini birləşdirə, regionun qlobal nəqliyyat zəncirlərinə inteqrasiyasına töhfə verə bilər.