Sabah Bakıda güzəştli mənzillərin növbəti satışı başlayır - YENİLİKLƏR, QAYDALAR
    • 11-07-2019, 19:28
    • 1 036

Sabah Bakıda güzəştli mənzillərin növbəti satışı başlayır - YENİLİKLƏR, QAYDALAR

İyulun 12-də Bakıda güzəştli mənzillərin satışı başlayır.

News24.az APA.TV-yə istinadən yaydığı xəbərə görə, Söhbət Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu-8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksində satışa çıxarılacaq mənzillərdən gedir.

Qurumun mətbuat katibi Diana Dadaşova deyir ki, 12 iyul 2019-cu ildə 6-9 saylı binalar üzrə 10 mənzil, həmçinin 10, 11, 12 və 13 saylı binalarda yerləşən 243 mənzil, ümumilikdə isə 253 mənzilin yalnız vətəndaşın vəsaiti hesabına satışı həyata keçiriləcək. Onun sözlərinə görə, ilk satışdan fərqli olaraq, budəfəki satış zamanı alıcılar hər hansı texniki problemlərlə qarşılaşmayacaq. Bu kimi halların qarşısının alınması üçün agentlik tərəfindən bütün tədbirlər görülüb: “Güzəştli mənzil sistemində elektron kabinetə sahib olmuş bütün vətəndaşlar şəxsi elektron kabinetlərinə daxil olmaqla tam şəffaf bir şəraitdə, təhlükəsiz iş rejimində, bərabər şəraitdə mənzillərə sahib ola bilərlər”.

Qurum rəsmisi onu da bildirib ki, mənzillərin seçimi prosesində ilk dəfə olaraq vətəndaşlar gözləmə qaydasında mənzil seçimi həyata keçirə biləcəklər. Belə ki, əgər hər hansı bir mənzil vətəndaş tərəfindən seçiləcəksə, həmin mənzilə daha iki şəxs gözləmə qaydasında növbəyə dura bilər. Əgər seçilmiş mənzil ilk seçən alıcı tərəfindən hər hansı səbəbdən əldə edilə bilməzsə, o zaman növbəyə duran iki şəxsdən birincisi mənzilə sahib ola bilər.

Qaydalara edilən digər bir dəyişiklik isə ilkin razılıq qərarının əldə edilməsidir: “Bu günə kimi vətəndaşlar mənzillərə sahib olduqdan sonra ipoteka ilə bağlı agent banklara müraciət edirdilərsə, bundan sonra alıcılar əvvəlcə agent banklara yaxınlaşıb onlarla razılıq qərarını əldə etməlidirlər və bu qərarı öz şəxsi kabinetlərində yerləşdirməlidirlər”.

Qeyd edək ki, Yasamal Yaşayış Kompleksində qalan 827 mənzilin seçimi isə ilin sonuna kimi həyata keçiriləcək. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Bununla yanaşı, hazırda ərazidə daha bir yaşayış kompleksinin tikintisi həyata keçirilir. Yaşayış kompleksi ümumilikdə 40 binadan ibarətdir və kompleksdə inşa edilən mənzillərdən 1458 mənzil agentliyin ixtiyarına veriləcək. Gələcəkdə bu mənzillər də güzəştlə mənzil əldə etmək hüququna malik şəxslərə təklif ediləcək.