Axşam saatlarında bu qidaların qəbulu tövsiyə olunur
    • Dünən, 20:18
    • 272

Axşam saatlarında bu qidaların qəbulu tövsiyə olunur

- Turan xanım, insan gün ərzində neçə dəfə qidalanmalıdır?

- İnsanlar normada gün ərzində 3-4 dəfə qidalanmalıdırlar. Amma bu, insanlara görə dəyişir. Məsələn, hər hansı bir şəxs səhər və nahar yeməyini tam şəkildə, orqanizmin vitaminlərə, minerallara, zülala və digər qida maddələrinə, enerjiyə olan təlabatını ödəyəcək miqdarda qəbul edirsə, məhz axşamlar, yəni 3-cü qida qəbulunun olması vacib deyil. Çünki qida qəbulu təkcə mədəni doyurmaq məqsədilə deyil, orqanizmin ehtiyac olduğu qida maddələri və enerji ilə təmin etməsidir.

Qeyd etmək istərdim ki, qidalanmanın gün ərzində neçə dəfə olmasını bilmək üçün həzm prosesinə nəzər salmaq lazımdır. Çünki həzm sisteminin müxtəlif şöbələrində həzm prosesinin müddəti, yəni qidanın tam parçalanıb sorulması müəyyən saat intervalında olur və qəbul olunan qidanın tərkibindən, bişirilmə qaydasından asılı olaraq dəyişir. Belə ki, əsas enerji mənməyimiz olan yağların, zülalların, karbohidratların parçalanması, sorulma həzm sisteminin müxtəlif şöbələrində müfafiq vaxt ərzində və sürətdə baş verir.

- Axşam qida qəbulu hansı saatlarda olmalıdır?

- Mütəxəssislər son qidalanmanı yatmazdan 3-4 saat öncə olmasını tövsiyə edirlər. Eyni zamanda, müxtəlif vəziyyətlərə görə, məsələn iş rejimi ilə əlaqədar olaraq gec saatlarda qida qəbulu dəyişərək, yatmazdan 1-1,5 saat öncə ola bilər. Çünki orqanizm özünü lazımi enerji və qida məddələri ilə təmin etməmirsə yatmaq məqsədəuyğun hesab edilmir. Tam ac qarına yatmaq orqanizmdə hormonal disbalans yaradır. Bu da, öz növbəsidə, yuxu rejiminin pozulmasına gətirib çıxara bilər. Belə ki, ac olan zaman orqanizmdə Leptinin (doyma hormonu) miqdarı artır. Bu hormonun miqdarının artması yuxu hormonunun, yəni Melatoninin miqdarının aşağı düşməsinə səbəb olur. Dolayısı ilə ac yatmaq yuxusuzluğa səbəb olur.

- Gec saatlarında qidalanma hansı xəstəliklərə səbəb ola bilər?

- Ümumiyyətlə orqanizmdə bütün sistemlər bir-birinə bağlı və sinxron şəkildə fəaliyyət göstərdiyi üçün hər hansı bir sistemdə baş verən patologiya digər sistemlərdə də öz əksini tapır. Buna görə də, gec saatlarda qidalanma təkcə həzm sistemində deyil, eyni zamanda ürək-damar, sinir, endokrin, immun və s. sistemlərdə bir sıra patologiyalara gətirib çıxara bilər. Həzm sisteminə aid olan patologiyalara qastrit, qastroezofagial reflüks, duodenit, kolit, xolesistit, pankreatit, qaraciyərin bir sıra patologiyaları və s. daxildir.

Qeyd etmək istərdim ki, bu xəstəliklər bir-biri ilə əlaqəlidir. Birinin yaranması zəncirvarı olaraq digərinə gətirib çıxara bilər. Məsələn, gec saatlarında qida qəbulu mədədə turşu sintezinin artmasına, bu da qastritə səbəb olur. Eyni zamanda, mədənin dolu olması mədədə kardial sfinkterin tam bağlanmamasına, bununla bərabər turşuluğun artması qastroezofaqial reflüks xəstəliyinin yaranmasına gətirib çıxarır.

Gec saatlarda qida qəbulu fermentativ proseslərin pozulmasına, bununla da həzmin pozulmasına səbəb olduğu üçün xroniki pankreatit, xroniki xolesistit, qaraciyərin piylənməsinə gətirib çıxara bilər.

- Şam yeməyində hansı qidalardan uzaq durmaq lazımdır?

- Axşam saatlarında çox yağlı, qızardılmış qidalardan, un məmulatlarından, şirniyyatdan, turşuya qoyulan, hisə verilən qidalardan, qazlı və spirtli içkilərdən uzaq durmaq lazımdır. Çünki sadalanan qidalar gec həzm olunur, qida dəyəri aşağı, lakin kalorisi çox olduğu üçün orqanizmi lazimi qida maddələri, vitaminlər, zülallar, minerallar, enerji ilə təmin edə bilmədiyinə görə müxtəlif xəstəliklərin yaranmasına səbəb olur.

Düzgün bişirilmə qaydalarına riayət olunmayan qidalar nəinki həzm sistemində ciddi problemlərə yol açır, eyni zamanda şəkərli diabet, hipertoniya xəstəliyi, böyrək patologiyalarına, su-duz mübadiləsinin pozulmasına da səbəb ola bilər.

- Axşam yeməyindən sonra gəzinti, yoxsa yüngül qaçış daha məqsədəuyğundur?

- Təbii ki, axşam yeməyindən sonra qısamüddətli gəzintilər tövsiyə olunur. Səbəb isə gəzinti zamanı metabolizmin sürətlənməsi, qan dövranının və həzm prosesesinin yaxşılaşmasıdır. Bu zaman bütün sadaladığım dəyişikliklər tədricən, orqanizmə zərər vermədən baş verir. Eyni zamanda, qida maddaləri tam şəkildə, metabolizmin son məhsullarına qədər parçalanır və bu da orqanizm üçün lazım olan vitaminlərin, amin turşuların, karbohidratların, mineralların rahat mənimsənilməsini təmin edir.

Qaçış zamanı isə qida maddələrinin parçalanması və bu proseslərin baş verməsini təmin edən enerji sərfiyyatını normadan artıq sürətləndirir. Bu zaman qida maddələri metabolizmin son mehsullarına qədər tam parçalana bilmir, orqanizmin normal fəaliyyəti üçün lazım olan enerji yaranmır, orqanizm həddən çox yüklənmiş olur. Bütün bunlar da dolayısı ilə orqanizmdə müxtəlif patologiyalara səbəb olur. Bunlara ürək-damar sistemi, böyrək patologiyarı, şəkərli diabet, dayaq-hərəkət sistemi patologiyaları və s. aiddir.

- Axşam saatlarında aclığı doyurmaq üçün hansı qidalar optimal hesab olunur?

- Hər bir qəbul olunan qidanın tərkibindəki maddələrin həzm traktının müxtəlif şöbələrində parçalanma və sorulma müddəti var. Qidanın tərkibi nə qədər mürəkkəb, çətin parçalanan olarsa, orqanizmdə artıq toplanan şlakların, toksinlərin, tam parçalanmayan yağ turşularının miqdarı da bir o qədər çox olacaq. Bu da, istər-istəməz artıq çəkinin yaranmasına səbəb olacaq. Ona görə də, axşam saatlarında yüngül, həzmi, parçalanması asan olan qidaların qəbulu tövsiyə olunur. Bunlara yağsız balıq növləri, az yağlı ət və quş ətləri, tərəvəzlər, az miqdarda karbohidrat (məsələn, düyü, bulqur və qarabaşaq) aiddir.

Təbii ki, yeməyin bişirilmə qaydasının da burda böyük rolu var. Məsələn, qızartmalar, hisə verilən və konserviləşdirilmiş qidalar, yaxşı, tam bişməyən qidalar məsləhət deyil. Buxarda bişmiş, təzə tərəvəzlərdən hazırlanan salatlar, süd məhsulları, xüsusən də az yağlı və ya yağsız kəsmik, pendir daha məqsədəuyğundur. Bu zaman porsiyalara da fikir vermək lazımdır. Qabın 1/3-i zülal, 1/3-si tərəvəz və 1/3-i karbohidrat olmalıdır.

Sonda qeyd etmək istərdim ki, axşam yeməklərinə, xüsusən də salatlara az miqdarda sirkə, limon və digər sitrus meyvələrinin şirəsinin əlavə olunması yağların parçalanmasını və metabolizmi sürətləndirərək, həzmi yaxşılaşdırır.\\musavat.az