-
- Bu gün, 10:21
- 3 924
Pensiya alan qadınlara pis xəbər – İyul ayından etibarən…
Son günlər ictimaiyyətdə müzakirə olunan məsələlərdən biri də qadınların bu il pensiya yaşının artırılması ilə bağlıdır. Belə ki, 2025-ci ildə Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 olacaq.
Sirr deyil ki, son zamanlar ölüm yaşı gəncləşib, əksəriyyət pensiya yaşı həddinə çatmır. Sual yaranır: “Əgər ölüm yaşı azalırsa, o zaman pensiya yaşı nəyə əsasən tənzimlənir?”
Globalinfo.az-a danışan iqtisadçı Xalid Kərimli deyib ki, hazırda kişilərin pensiya yaşı 65-dir, qadınlarda da 2027-ci ilə qədər bu hədd 65-ə çatacaq.
O, qanunla qadınların pensiya yaşının 6 ay artırıldığını qeyd edib:
“Kişilərdə bu proses daha sürətli getdi, qadınlarda isə 60-dan 65-ə artırıldığına görə gec gedir. Artım kişilərdə 2021-ci ildə yekunlaşıb, qadınlarda 2027-ci ildə yekunlaşacaq. Bu, “Əmək pensiyaları haqqında” Qanuna uyğun həyata keçirilir. Artıq qanun 7-8 il bundan öncə Milli Məclisdə qəbul edilib. Sadəcə, ardıcıllıq belə planlaşdırılıb və 2027-ci ildə bitəcək”.
İqtisadçı deyib ki, son illərin statistikası əvvəlki illərlə müqayisədə ömür müddətinin artdığını göstərir:
“Biz bunu rəsmi statistikaya əsasən deməliyik. Digər tərəfdən qadınların ömrü kişilərdən haradasa 2 il çox olur. Kişilərin 65, qadınların isə daha tez pensiyaya çıxmasına gender problemi kimi baxıla bilər. Nəzəri olaraq kişilərlə qadınların eyni vaxtda pensiyaya çıxması yaxşıdır. Lakin məsələyə ümumi yanaşdıqda, pensiya yaş həddi Azərbaycan üçün çoxdur. 2017-ci ildə qəbul edilmiş qanun tamamilə yanlışdır. Burada ciddi sürətdə anti-humanist addım atılıb. Dediyim kimi, qadınlar kişilərdən çox yaşayır. Bunun orta yaş həddi haradasa 74 yaş həddindədir. 65 yaşda pensiyaya çıxanda orta ömür müddəti 74 olursa, bu o deməkdir ki, hökumət nəzəri olaraq vətəndaşa 9 il pensiya vermiş olur. Bunu da ona görə belə ediblər ki, daha az adama pensiya verilsin. Çünki pensioner dövlət üçün əlavə sosial yükdür”.
Xalid Kərimli Azərbaycanla Avropanı müqayisə edib:
“Avropada da 65 yaşdan pensiyaya çıxılır. Amma orada insanların ömür müddəti 83-84 ildir. Avropada ömür müddətinin 80 ildən aşağı olan ölkəsi yoxdur. Ona görə də bizdə həm kişilərin, həm də qadınların pensiya yaş həddinin 65-ə qaldırılması yanlış idi. Lakin kişi və qadınların eyni yaşda pensiyaya çıxması tamamilə doğrudur. Bu, fərqli ola bilməz. Hətta fərqli olacaqsa, kişilərin xeyrinə olmalıdır. Çünki bəylərin gözlənilən ömür müddəti daha aşağıdır”.
Qeyd edək ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, azı 25 il sığorta stajı olan qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qadınların pensiya yaşı sonuncu dəfə 2024-cü ilin iyul ayının 1-dən 6 ay artırılaraq 64 edilib. 64 yaş müddəti 2025-ci il iyunun 30-da başa çatacaq. 2025-ci il iyulun 1-dən isə əmək pensiyası hüququ olan qadınların yaşı 64 il 6 aya qalxacaq. Beləliklə də, 1 iyul 2026-cı il tarixindən etibarən Azərbaycanda kişilərlə qadınların pensiya yaşı 65 olacaq.
Xatırladaq ki, Azərbaycanda azı 25 il sığorta stajı olan kişilərin pensiya yaşı 2021-ci il iyulun 1-dən 65 edilib.