Atılan azyaşlılara ata SAHİB ÇIXDI
    • 23-07-2019, 16:28
    • 930

Atılan azyaşlılara ata SAHİB ÇIXDI

Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında iki azyaşlı körpə Bərdə rayon Mərkəzi Uşaq Xəstəxanasının dəhlizinə atılıb.

Bərdə rayonunda xəstəxanaya atılan azyaşlı uşaqların valideyni tapılıb. News24.az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib. Onun sözlərinə görə, ötən gün axşam saatlarında yaşlı kişi və qadın iki azyaşlı ilə birgə Bərdə rayon Mərkəzi Xəstəxanasına gəliblər: "Onlar növbətçi həkimə deyiblər ki, guya uşaqları tapıblar. Bu uşaqlara yazıqları gəldikləri üçün onları xəstəxanaya gətirdiklərini söyləyiblər. Daha sonra həkim deyib ki, bu barədə rəhbərliyə məruzə verməlidir. Növbətçi həkim baş həkimin yanından qayıdanda isə həmin şəxsləri uşaqların yanında görməyiblər. Araşdırmalardan sonra uşaqların atası tapılıb. Ata deyib ki, uşaqlarıma sahib çıxıram. Hazırda sənədləşmə işləri gedir və ehtimal ki, azyaşlılar atalarına təhvil veriləcək".

Nazirliyin mətbuat katibinin sözlərinə görə, artıq məsələ ilə bağlı araşdırma aparılıb və uşaqları xəstəxanaya gətirən şəxslərin nənə və baba olduğu məlum olub: "Ailədə münaqişə olub. Onlar da nəvələrini xəstəxanaya gətirərək növbətçi həkimə uşaqları tapdıqlarını deyiblər. Bu olayla bağlı olaraq dərhal aidiyyəti üzrə məlumat verilib. Uşaqlar üçün ayrıca palata ayrılıb, onlar müayinə ediliblər. Səhhətləri qaydasındadır".
Qeyd edək ki, atılan azyaşlılardan biri 9 yaşında, digəri isə altı ayında olub.